Logo
    Diamond Foundry AI çiplərinin qızmasına qarşı bütöv almaz lövhə təqdim etdi

    Diamond Foundry AI çiplərinin qızmasına qarşı bütöv almaz lövhə təqdim etdi

        “Diamond Foundry” laboratoriyada yetişdirilən almazdan çipləri soyutmaq üçün dünyada ilk 200 mm ölçülü monokristal almaz lövhə hazırladığını açıqlayıb. Məhsul gücləndikcə daha çox qızan süni intellekt (AI) çipləri üçündür. Lövhənin ölçüsü çip istehsalçılarının köhnə istehsal proseslərində işlətdiyi silisium lövhələrə yaxındır.
    Diamond Foundry AI çiplərinin qızmasına qarşı bütöv almaz lövhə təqdim etdi
        Adi laboratoriya almazları çoxlu xırda kristaldan ibarət olur. Bu lövhə isə bütöv və yüksək keyfiyyətli kristaldan hazırlanıb. Belə materialın istehsalı çətin olsa da, istiliyi daha yaxşı yayır. Almaz istiliyi misdən ən azı 5 dəfə yaxşı keçirir. Eyni zamanda elektrik cərəyanını keçirmir və çipin ayrı-ayrı hissələrinin həddən artıq qızmasını azalda bilər.
        Şirkətin göstərdiyi nümunə hələ cilalanmayıb və çip istehsalında işlədilməyə hazır deyil. Bunun üçün lövhə əlavə emaldan keçməlidir. “Diamond Foundry” 2030-cu ildən əvvəl 300 mm ölçülü “D300 SCD” lövhə də hazırlaya biləcəyini düşünür. Bu ölçü ən qabaqcıl çiplərin istehsalında işlədilən lövhələrə uyğun olacaq.
    Diamond Foundry AI çiplərinin qızmasına qarşı bütöv almaz lövhə təqdim etdi
        “Diamond Foundry” 2012-ci ildə yaradılsa da, böyük monokristal almazların yetişdirilməsi üzərində işlər 2000-ci illərin əvvəlindən aparılır. Baş direktor Martin Roscheisen deyib ki, nəticə yüzlərlə mühəndis, alim və texnikin 10 ildən çox davam edən sınaqları sayəsində əldə olunub. Layihənin əsas mütəxəssisləri bu məqsəd üzərində ümumilikdə 25 il çalışıblar.
        Laboratoriyada yetişdirilən almazı çiplərin soyudulmasında sınayan başqa şirkətlər də var. “Akash Systems” 2024-cü ildə ABŞ-nin CHIPS proqramından maliyyə alıb. Məbləğ 18,2 milyon dollar (təxminən 30,94 milyon manat) olub. Şirkətin iddiasına görə, sintetik almazla birləşdirilmiş qallium nitrid temperaturu 20°C azaldacaq. “De Beers Group” AI və böyük hesablama gücü tələb edən sistemlər üçün mis örtüklü almaz kompoziti hazırlayır. “Frore Systems” də “Nvidia”-nın yeni nəsil AI qrafik prosessorları üçün almaz qatılmış su soyutma lövhələri üzərində işləyir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...