
DNT əsaslı məlumat saxlama texnologiyalarının kütləviləşməsi hələ tezdir
Elm & Texnologiya
23.07.2025
Emil
DNA Data Storage Alliance - SNIA (Storage Networking Industry Association) assosiasiyası nəzdində fəaliyyət göstərən bir icma - sintetik DNT əsaslı məlumat saxlama texnologiyası ilə bağlı icmal hazırlayıb. Blocks & Files-in məlumatına görə, bu icmalda məlumatların kodlaşdırılması və dekodlaşdırılması texnologiyaları, kommersiya istifadəsinə hazırlıq göstəriciləri və əsas çağırışlar əhatə olunur. Məlumatlar DNT-də 4 nukleotid vasitəsilə kodlaşdırılır: adenin (A), quanin (G), sitozin (C) və timin (T). Bu nukleotidlər biopolimer molekulunun spiral strukturunu formalaşdırır. Bu üsulla məlumatlar çox kiçik həcmdə və 100 illərlə saxlanıla bilər. DNT-də məlumatların saxlanması texnologiyası artıq dəfələrlə təcrübi şəkildə sınaqdan keçirilib. Lakin yazma və oxuma sürətinin aşağı olması, avadanlığın böyük ölçüsü, mürəkkəbliyi və yüksək dəyəri bu texnologiyanın kommersiya baxımından uğurlu məhsula çevrilməsini hələlik mümkünsüz edir. İcmal sənədində 5 əsas çağırış vurğulanır:
1. Kimyəvi reaksiyaların təbiəti səbəbindən yazma və oxuma sürətinin aşağı olması
2. Ümumi sahibolma dəyərinin (TCO) yüksək olması
3. Daşıyıcının etibarlılığı və məlumatların qorunması
4. Bioloji və informasiya təhlükəsizliyi
5. Standartlaşdırma.

Hesabatın müəllifləri qeyd edirlər ki, ənənəvi yaddaş qurğularında məlumat ötürmə sürəti xeyli yüksəkdir və DNT-nin oxunması və yazılması üzrə biotexnoloji üsulların imkanlarını əhəmiyyətli dərəcədə üstələyir. Sürətin artırılması əsas və fundamental məsələlərdən biridir. Kimyəvi reaksiyalar yavaş getdiyindən, sürəti artırmağın yolu yazma/oxuma proseslərinin paralel şəkildə miqyaslandırılmasından keçə bilər. Bundan əlavə, ümumi sahibolma dəyərinin də azaldılması vacibdir. Sənəddə qeyd olunur ki, DNT-də məlumat saxlama texnologiyası hələ inkişafın ilkin mərhələsindədir və kommersiyalaşmadan uzaqdır. Lakin məlumatların yazılması/oxunması və saxlanması üzrə əsas proseslərin işləkliyi və platformaların miqyaslandırıla bilməsi artıq sübut olunub.

Üstəlik, DNT ilə işləmə texnologiyalarına yönələn davamlı investisiyalar gələcək innovasiyaları təşviq edəcək. Gözlənilir ki, DNT-yaddaş sistemləri mövcud arxivləşdirmə texnologiyalarını əvəz etməyəcək, əksinə onları tamamlayacaq və zettabayt səviyyəsində nisbətən ucuz, uzunmüddətli saxlama imkanları yaradacaq. Texnologiyanın tətbiq oluna biləcəyi real ssenarilərin yaxın 3-5 il ərzində meydana çıxacağı proqnozlaşdırılır. Blocks & Files-in qiymətləndirməsinə görə, bu sahənin əsas oyunçuları Biomemory, Catalog və Atlas Data Storage olacaq. Perspektivli alternativlər də mövcuddur. Məsələn, HoloMem şirkəti LTO və digər sistemlərə ucuz və səmərəli alternativ təklif edib - HoloDrive adlı 200 TB-lıq kartriclər, hansı ki, azı 50 il xidmət müddətinə malikdir.
Paylaş