main-post-cover

    Dünya Çempionatının rəsmi televizoru - Hisense icmal

    Elm & Texnologiya
    30.11.2022
    Farid Pardashunas
        4 ildir gözlədiyimiz Dünya Çempionatı nəhayət ki, başladı. Mən də fikirləşdim ki, mövzunu necə texnologiyaya daşıya bilərik? Düşündüm ki, elə ən yaxşısı bu çempionatı izləmək üçün büdcə dostu amma keyfiyyətli bir televizor tapım və sizlər üçün haqqında icmal hazırlayım. Sizin üçün tapdığım və elə dünya çempionatı üçün mənə göndərilən televizor Hisense brendindəndir. Hisense dünya çempionatının tərəfdaşlarından biridir və çempionatın rəsmi televizorudur. Əslində Hisense brendi sizin üçün biraz yad səslənə bilər. Biz adətən televizor alanda Samsung, LG, Sony axtarırıq amma Hisense bu bazarın əsas oyunçularından biridir deyə bilərik. Çünki Hisense budcəli amma yüksək keyfiyyətli, yaxşı göstəricilərə sahib cihazlar təqdim edir. Çin brendi olan Hisense qlobal satış göstəricilərində ilk 4-lükdə yer alır və Sony-dən, elə Xiaomi-nin özündən də belə öndədir. Əlavə olaraq qeyd edim ki, Hisense təkcə TV yox, məişət texnikası hətta smartfon belə istehsal edir. Lakin brendi məşhur edən ana qol televizorlarıdır.
        Gəlin ilk olaraq bu cihazın qiymətindən danışaq. Azərbaycanda Kontakt Home-da rəsmi olaraq nağd alışda, bu məndə olan 50 düymlük model 1100 manata satılır. Bu qiymətə biz 50 düymlük, 4K, Dolby Vision, Dolby Atmos dəstəkli, Quantoum Dot texnologiyası əsasında hazırlanmış ULED ekrana sahib bir televizor alırıq. Az sonra bu terminləri bir-bir izah edəcəm. Videonun açıqlama qismində isə alış üçün linki yerləşdirəcəm, istəsəniz keçid edib baxa bilərsiniz. Nəzərə alın ki, bu seqmentdə rəqiblərin təklif etdiyi cihazlar 2000 manatdan başlayır.
        Gəlin ilk olaraq cihazın dizaynından başlayaq. TV-də ən önəmli dizayn detalı ekranın öndən görüntüsündə çərçivənin payıdır. Bu modeldə çərçivələr minimal saxlanılıb və televizorda ekranın-gövdəyə nisbəti 94.18%-dir. Belə deyim, qiymətinə görə çox yaxşıdır. Altında olan ayaqlıqlığı da incə və möhkəmdir. Yəni televizorun öndən görüntüsündə heç bir problem görmürəm. Arxa material sıxlaşdırılmış plastikdən hazırlansa da yandan baxanda televizorun öndən görünən qədər incə olmadığını görürük. Yəni bir OLED TV qədər incə deyil. İstifadə elədiyi ekran texnologiyası, prosessoru belə qalın olmasına səbəb olub, amma düşünürəm ki, bu o qədər də önəmli məsələ deyil. Əsas olan öndən görüntüsü və yaxşı ekrandır.
        Ekrana keçmədən öncə giriş və çıxış portları haqqında danışsam, televizorda 4 ədəd HDMI 2.0 girişi var və bunlardan biri HDM 2.0 ARC-dır. Yəni “Audio Return Channels” - bizim dildə səs dönüş kanalı. Bu kanal vasitəsilə xarici səs ucaldıcıları və ya ev sinema sistemlərini bu TV-yə bağlaya bilərsiniz. Bunun yanında 2 USB Type-A girişi var, lakin nəsil olaraq USB 2.0-dır. Əslində TV ilə çox fayl transferi eləmədiyimiz üçün məqbul saymaq olar. Cihazda Wi-Fi və Bluetooth ilə yanaşı internetə birbaşa çıxış üçün Lan girişi də var. Təbii ki, ağıllı televizorların olmazsa-olmazıdır bu. Bunlardan da başqa rəqəmsal audio çıxışlar və digər anten yuvaları da quraşdırılıb. Düşünürəm ki, gövdə haqqında kifayət qədər danışdıq, indi əsas hissəyə - ekrana keçid edə bilərik.
        50 düymlük ekran LED texnologiyası əsasında hazırlanmış ULED panelə sahibdir. Bu ULED panellər Hisense-in öz texnologiyasıdır və bu cür adlandırma yalnız onlardadır. Samsung tərəfi buna QLED, LG tərəfi OLED deyir. Amma ULED həm OLED-dən həm də adi LED texnologiyasından fərqlənir. Çünki burada QLED-lərdə olduğu kimi quantum nöqtələrindən istifadə edirlər. ULED panellərdə yüksək kontrast, yaxşı işıqlanma və ən əsas rəng dərinliyi var. Ekran 60 Hz və 8 bit rəng dərinliyindədir. Və bu panel arxadan tam işıqlandırmaya sahibdir. LED və LCD panellərdə işıqlandırma 2 cür həyata keçirilir. Arxadan tam və ya kənarlardan. Təbii ki, işıqlandırma kənarlardan olanda işıq hər pikselə bərabər düşmədiyi üçün fərq yaranır. Xüsusən TV-yə kənardan baxanda çox kirli rənglər görünür. Amma arxadan tam aydınlatmada belə şey yoxdur. Və bu cür aydınlatmada qara rəngi tam göstərmək üçün lokal olaraq işığın söndürülməsi baş verir. Bu halda qara rənglər tam olduğu kimi görünür. Ekran rejimlərini də rahatlıqla tənzimləmək olur. İdman, film, oyun rejimlərinə keçirməklə uyğun kontrastları və rəng dərinliklərini əldə etmək olar. Rəng mövzusunda 8 bit olsa da tam 8 deyil. FRC texnologiyası ilə (Frame Rate Control) rəng dərinliyini 10 bitə qədər qaldıra bilir. Ona görə də bəzi yerlərdə 10 bit qeyd edilir.
        Bu panel eyni zamanda “Dolby Vision” dəstəklidir. HDR 10+ da öz yerində. Bütün müasir texnologiyaları dəstəkləyir və ciddi rəqabət aparır bazarda. Mən Hisense-in belə texnologiyaları bu qiymətə təklif etməsinə təəccübləndim və bəyəndim. Ekran keyfiyyəti adətən qara rəngi göstərməsi ilə ölçülür. Hisense-in bu ULED texnologiyası qaranı tam qara kimi göstərə bilir. 
        Texniki tərəfdə 4 nüvədən ibarət bir görüntü emal porsessoru var. Bu prosessor 4K  "upscale" xüsusiyətinə sahibdir yəni 4K olmayan görüntüləri 4K keyfiyyətinə özü süni zəka ilə qaldıra bilir. Bu yaxşı bir şeydir. Menyusu çox rahat və axıcıdır. Əməliyyat sistemi olaraq özlərinə məxsus olan VIDAA interfeysindən istifadə edir. VIDAA Hisense-in təsis etdiyi başqa bir şirkətdir. Əsas fokusu ağıllı televizorlar üçün əməliyyat sistemi inkişaf etdirməkdir. Eyni zamanda Çində ağıllı şəhərsalmada da iştirak edirlər. Netflix, YouTube, Prime Video, Facebook Watch, Deezer, Megogo kimi tətbiqlər üzərində qurulu gəlir və əlavə "store"u da var. Belə sürətli olma səbəbi isə ƏS-nin Linux üzərində qurulmasıdır. Başqa bir üstünlüyü isə açıq mənbə (open source). Özünün daxili internet brauzeri də mövcuddur ki, internetə qoşula bilərsiniz. Çox asan şəkildə maus, klaviatura qoşub, rahat istifadə eləmək olar. Əgər mənim kimi şəbəkədə serverə sahibsinizsə, media bölməsindən həmin şəbəkəyə elə Wi-Fi üzərindən keçid edib, media fayllara televizordan baxa bilərsiniz. İdarəetmə pultunun üzərində Netflix, Youtube, Prime Video və media düymələri ayrıca quraşdırılıb ki, rahat keçid edə biləsiniz. Pult özü qeyri-adi olmasa da, möhkəm və rahat düymələrə sahibdir. 
        Telefonlardan fərqli TV üçün səs önəmli bir detaldır. Bu televizora isə Hisense xəsislik etməyib 2 ədəd Dolby Atmos dəstəkli səs ucaldan qoyub. İndi bilmirəm videodan necə hiss olunur amma düşünürəm ki, Dolby Atmos ilə dünya çempionatını standiondan izləmiş kimi ola bilərik. Mən səs tərəfini də bəyəndim. Ümumilikdə cihazın kənardan qalınlığını çıxsaq, hər hansı detalı ilə bağlı mənfi fikir demək çətindir. Qiymətə və bu ekran böyüklüyünə baxanda da həqiqətən çox uyğun bir seçimin olduğunu düşünürəm. Əgər oyun oynamaq üçün TV axtarırsınızsa yenə də uyğun və büdcəli seçim ola bilər. Çünki ULED panellər yaxşı qrafika verəcək. 
    Linki kopyala