
Duzlu suda sürətlə parçalanan ekoloji plastik material hazırlanıb
Elm & Texnologiya
10.06.2025
Emil
Son elmi araşdırmalar göstərir ki, plastiklə çirklənmə artıq hər yerdə baş verir. Mikroplastik insan beynində və digər orqanlarda aşkar edilib. Sakit okeanda plastik adası da daxil olmaqla, atılmış plastik məmulatların saysız-hesabsız miqdarı alimləri bu materiala tez parçalanan alternativ axtarmağa məcbur edir. Görünür, yapon alimləri bu sahədə dönüş nöqtəsinə ən çox yaxınlaşanlardır. RIKEN Yeni Materialların Tədqiqi Mərkəzindən və Tokio Universitetindən olan tədqiqatçılar yeni növ plastik material hazırlayıblar. Bu material neft əsaslı ənənəvi plastmaslardan möhkəmlik baxımından geri qalmır, lakin duzla təmas etdikdə ilkin komponentlərinə parçalanır.

Təbiətdə mövcud olan bakteriyalar isə bu komponentləri emal edir və nəticədə mikroplastik və ya nanoplastik qalıqlar geridə qalmır. Müasir bioparçalanan plastiklər təbiətdə tam şəkildə parçalanmır - heç olmasa, kifayət qədər qısa müddətdə. Yapon alimləri tərəfindən təqdim edilən yeni material isə duzlu suda cəmi 1 saat ərzində tamamilə həll olur, duzların da mövcud olduğu torpaqda isə nümunənin ölçüsündən asılı olaraq təxminən 200 saat ərzində parçalanır.
Bildirilir ki, bu material insan üçün toksik deyil, yanmaya davamlıdır və karbon qazı yaymır. Üzərinə örtük tətbiq edildikdən sonra isə adi plastik məmulatlar kimi funksional olur. Hazırda tədqiqat qrupu həmin örtüyün tətbiqi üçün optimal üsulun hazırlanmasına fokuslanıb ki, bu da materialın hələlik kommersiya istifadəsinə tam hazır olmadığını göstərir. Plastik tullantılar dünyada getdikcə artan ekoloji problemlərin əsas səbəblərindən biridir və planetimiz bu problemlərlə üz-üzə qalır. BMT proqnozlaşdırır ki, növbəti 15 il ərzində plastiklə çirklənmə səviyyəsi 3 dəfə artacaq və hər il dünya okeanına 23-dən 37 milyon tonadək tullantı düşəcək. Tamamilə parçalanan plastik isə heç olmasa bu problemin daha da dərinləşməsinin qarşısını ala bilər.
Paylaş
Ən çox oxunanlar

ProMotion ekranları yalnız iPhone 17 Pro və 17 Pro Max modelləri əldə edəcəklər
