main-post-cover

    Elon Musk, Neuralink şirkətinin Link adlı ilk işlək beyin implantını təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    29.08.2020
    Farid Pardashunas
        Elon Musk-a məxsus olan Neuralink şirkəti yeni təqdimat tədbiri çərçivəsində Link adlı beyin implantını təqdim edib. Təqdimat zamanı şirkət sözügedən beyin implantının özəllikləri və imkanları barəsində danışıb və onu canlı orqanizm üzərində işini sərgiləyib.
        Sol tərəfdə implantın köhnə versiyası, sağ tərəfdə isə implantın yeni versiyası:
        Təqdim olunmuş Link adlı yeni implant keçən ilki implantdan tamamilə fərqlənir. Belə ki, keçən ilki beyin implantının konstruksiyasına əsasən o, insan qulağının arxa hissəsində yerləşirdi və ona elektrodlar qoşulurdu. İmplantın yeni variantı isə böyük olmayan dairəvi qəpiyi xatırladır və o, başdakı dərinin altına yerləşdirilir. Cihazın ölçüsü 23x8 mm-dir. O özündə termometr kimi bir çox ötürücüləri, naqilsiz interfeysi və batareya həcmini birləşdirir. İmplantın şarj prosesi isə maqnit adapter vasitəsilə reallaşdırılır. Güman olunur ki, şarj prosesi istifadəçinin gecələr yatan zaman reallaşdırılacaq.
        Təqdimat zamanı Elon Musk bildirib ki, bir çox insanlar öz həyatlarının müəyyən zamanlarında beyin və onurğa sütunu ilə bağlı bir sıra problemlər ilə qarşılaşırlar. O əmindir ki, Neuralink tərəfindən hazırlanan beyin implantı həmin problemləri aradan qaldırmağa qadirdir. Onun sözlərinə əsasən hazırlanan beyin implantı itirilmiş görmə və eşitmə qabiliyyətlərinin geri qaytarılmasına, depressiya və həyəcanlıq kimi hisslərin öhdəsindən gəlməyə, iflici, insult fəsadlarını, yaddaş pozğunluqlarını və s. problemləri aradan qaldırmağa qadirdir.
        “Beyinə implant edilən bu cihaz həqiqətən də sadalanmış problemləri aradan qaldıra bilər. İnsanların çoxu bunu dərk edə bilmir. Sizin bütün hissləriniz, görmə və eşitmə bacarığınız, ağrılarınız və s. bunların hamısı neyronlar vasitəsilə beyinə ötürülən elektrik siqnallardır. Və əgər siz bu siqnalları qaydasına sala bilsəniz, deməli hər şeyi qaydasına sala bilərsiniz. Eşitmə qabiliyyətinin itirilməsindən tutmuş digər problemlərə kimi” - deyə Elon Musk bildirib. Yeni Link neyrointerfeysinin əsas özəllikləri bunlardır:
    - Yeni çip əvvəlki neyrointerfeys versiyalarından daha funksional və yüksək performanslıdır. Məsələn Bluetooth vasitəsilə musiqini birbaşa beyinə ötürə və ya müxtəlif cihazlarla çalışa bilər
    - Neyronlardan olan məlumatların ötürülməsi üçün nəzərdə tutulmuş elektrodların sayı yeni çipdə 3072-dən 1024-ə endirilib
    - Beyin aktivliyinin təyin edilməsi çipin daxilində reallaşdırılır. Məlumatların çipdən çipə ötürülməsi isə naqilsiz bağlantı vasitəsilə baş verir. Çipin idarəsi üçün xüsusi mobil tətbiq yaradılacaq və onun çalışma radiusu 10 metr təşkil edəcək
    - Çip 6 nanometrlik texnologiya üzrə hazırlanıb. Buna görə də onun beyinə inteqrasiyası tamamilə təhlükəsizdir
    - Gələcəkdə bu çipdən Tesla elektromobillərinin idarəsində istifadə etmək mümkün olacaq. Məsələn istifadəçi beynindəki fikri ilə elektromobili özünə tərəf çağıra biləcək
    - Çip həmçinin tətbiqlərin yaradılması üzrə API-ları da dəstəkləyir
    - İmplant yaddaş sistemi ilə çalışmağa imkan verəcək. Bura həmçinin əzələ yaddaşı da daxildir
    - İlkin mərhələdə çipin insan beyninə yerləşdirilməsi prosesi çox bahalı olacaq. Lakin onun qiyməti sürətlə aşağı düşəcək. Nəticədə onun qiyməti bir neçə min dollar təşkil edəcək
    - Neuralink komandasının əsas məqsədi heç bir geriləmə olmadan 10 illərlə yaxşı çalışa biləcək cihazı yaratmaqdır.
        Musk bildirib ki, çipin beyinə yerləşdirilməsi üçün nəzərdə tutulmuş əməliyyat xüsusi robot vasitəsilə reallaşdırılır və əməliyyat 1 saatdan çox çəkmir. Bununla yanaşı əməliyyat narkozsuz da reallaşdırıla bilər. Sinir sisteminin və ya toxumaların zərər çəkəcəkləri üzrə heç bir risk yoxdur. Hətta əməliyyatı keçirtmiş şəxs elə həmin gün evinə yollana bilər. Əməliyyatdan bir müddət sonra əməliyyat yeri sağalır və kənar insanlar bilməyəcəklər ki, sizin beyninizdə xüsusi neyroimplant mövcuddur.
        Qeyd etmək lazımdır ki, təqdimat tədbirindən 2 ay əvvəl Neuralink mütəxəssisləri xüsusi robot vasitəsilə tam uğurlu şəkildə 2 donuza beyin çipi yerləşdirə biliblər. İmplantın çıxarılması isə sinir sisteminin işinə təsir etmir. Təcrübə çərçivəsində donuzlardan birindən beyin çipi çıxarılmışdı. Məlumata əsasən həmin donuz özünü çox yaxşı hiss edir. Buna görə də istəyə uyğun olaraq Neuralink-in implantını çıxartdırmaq və ya aktual versiyaya kimi yeniləmək mümkün olacaq. Musk bildirib ki, şirkət hal hazırda çipin insanlar üzərindəki ilk testlərə hazırlanır və bu istiqamətdə lazımi icazə lisenziyasının verilməsini gözləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər