
Epilepsiyadan əziyyət çəkən 12 yaşlı uşağa beyin çipi implantasiya edilib
Elm & Texnologiya
15.09.2025
Emil
Uğurlu əməliyyat barədə Quançjou xəstəxanasının həkimləri məlumat veriblər. Onlar rezistent epilepsiyadan əziyyət çəkən 12 yaşlı qızda əməliyyat keçiriblər. Gözlənilir ki, implant epileptik tutmaların tezliyini effektiv şəkildə azaltmağa imkan verəcək, çünki hazırda dərmanlarla onları nəzarətdə saxlamaq mümkün olmur. Məlumata görə, beyin-kompüter interfeysi texnologiyasının uğurlu tətbiqi epilepsiyanın müalicəsində dəqiq neyrotənzimləmənin yeni erasının başlanğıcını göstərir. Alimlər ilk uğurlu əməliyyatı başa vurublar və rezistent epilepsiyadan əziyyət çəkən daha 2 xəstəyə implant yerləşdirməyi planlaşdırırlar. Əməliyyat zamanı ilk pasiyentin 12 yaşı olub.

Qıza epilepsiya 3 yaşında diaqnoz qoyulub, lakin bir neçə illik dərman qəbulundan sonra onların effektivliyi azalıb və epileptik tutmaların tezliyi 10 gündə bir dəfə əvəzinə, gecə ərzində 5-6 dəfəyə yüksəlib. Əvvəlcə alimlər uşağın beynində epileptik ocağın dəqiq yerləşməsini müəyyən ediblər və beyin funksiyalarına zərər vermədən toxumanın bir hissəsini qismən çıxarıblar. Epileptik tutmalar 3 ay müddətinə dayanıb, lakin bütün zədələnmiş toxumanın tamamilə çıxarılması mümkün olmadığından sonradan yenidən başlayıb. İndi alimlər neyroimplantın yerləşdirildiyini bildiriblər. Bu implant beynin fəaliyyətini real vaxt rejimində izləməyə və həmin məlumatlar əsasında epileptik tutmaların qarşısını almağa imkan verəcək. Hazırda onlar özünü yaxşı hiss edən uşağın vəziyyətini müşahidə edirlər. Uzaq perspektivdə neyroimplantın Parkinson xəstəliyi, autizm və insult kimi digər nevroloji xəstəliklərin simptomlarının müalicəsi və korreksiyası üçün də tətbiqi planlaşdırılır.
Paylaş