main-post-cover

    Facebook Ray-Ban Stories adlı smart eynəyi təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    09.09.2021
    Emil Nəcəfov
        Facebook şirkəti EssilorLuxottica ilə birgə əməkdaşlıq çərçivəsində Ray-Ban Stories adlı smart eynəyi təqdim edib. Qeyd etmək lazımdır ki, Ray-Ban brendi məhz EssilorLuxottica şirkətinə məxsusdur. Bu, hal hazırda bazarda ən uyğun qiymətə olan smart eynəkdir. Sözügedən smart eynək heç bir ekrana sahib deyil və bundan əlavə olaraq o, virtual reallıqda çalışmaq imkanını təqdim etmir. Faktiki olaraq bu, adi eynəkdir. Lakin buna baxmayaraq o, kameralar, mikrofonlar və səsgücləndiricilər ilə təchiz olunub. Bütün bu elementlərin sayəsində Ray-Ban Stories smartfonlara xas olan bəzi funksionallığı öz üzərinə götürür.
        Təqdim edilmiş smart eynək sözün əsl mənasında dəbli görünür. Onu da qeyd etmək lazımdır ki, Ray-Ban dəri materiala sahib xüsusi keys ilə birlikdə təqdim olunur və həmin keys şarj cihazı funksiyasını daşıyır. Təəssüflər olsun ki, eynək sudan qorunma özəlliyinə sahib deyil. Buna görə də onlardan yağışlı havada istifadə etmək lazım deyil. Maraqlısı ondadır ki, eynək üzərində Facebook loqosu və ya Facebook-a xas olan hər hansı bir yazı yoxdur. Bunun məhz Facebook məhsulu olduğu yalnız eynəyin qutusunda əks olunub.
        İstifadəçi Ray-Ban Stories vasitəsilə foto və video çəkə, Bluetooth vasitəsilə ondan qulaqlıq kimi istifadə edə və həmçinin mikrofonlar sayəsində danışıqlar reallaşdıra bilər. İdarəetmə prosesi eynək üzərində olan düymələr və ya səsli əmrlər vasitəsilə reallaşdırılır. Tam funksionallıq üçün eynək ya iOS ya da Android əməliyyat sistemi vasitəsilə çalışan cihaza qoşulmalıdır. Lakin çəkiliş prosesini smartfonsuz da etmək mümkündür. Bunun üçün View Facebook adlı yeni tətbiq mövcuddur.
        Çəkilmiş foto və videolar tətbiqə yükləndikdən sonra istifadəçilər eynəkdəki kameralar sayəsində həmin kontentlərə 3D effektlər əlavə edə bilərlər. Ray-Ban Stories artıq Ray-Ban mağazalarında və Ray-Ban.com saytında satışa çıxıb. Eynək ilk növbədə ABŞ-da, Böyük Britaniyada, İtaliyada, Avstraliyada, İrlandiyada və Kanadada satılır. Lakin yaxın günlərdə smart eynək Amazon, Best Buy, Sunglasses Hut LensCrafters kimi online platformalarda da satışa çıxacaq. Ray-Ban Stories 299$-a satılır.
    Linki kopyala