main-post-cover

    Galaxy S10 Lite smartfonu Geekbench testindən keçdi

    10.01.2019
    Emil Nəcəfov
        Məşhur Geekbench bençmark saytında Galaxy S10 Lite smartfonu testdən keçib. Saytdakı məlumata əsasən smartfon SM-G970U model nömrəsinə sahibdir. Bəzi məlumat sızıntılarına əsasən Galaxy S10 Lite modeli məhz bu model nömrə ilə işarələnib. Geekbench testlərinə əsasən smartfon 6 GB RAM-a və Android 9.0 Pie əməliyyat sisteminə sahibdir. Smartfon həmçinin 8 nüvəli Snapdragon 855 prosessoru ilə də təchiz olunub.
        Lakin Geekbench test nəticələri heç də təəccübləndirməyib. Belə ki, Galaxy S10 Lite birnüvəli testdə 1986 xal, çoxnüvəli testdə isə 6266 xal toplayıb. Qeyd etmək lazımdır ki, Xiaomi-nin Cepheus kod adına sahib bilinməyən smartfon modeli həmin prosessor və RAM göstəricisinə sahib olmaqla daha yüksək göstəricilər sərgiləyib.

        Bununla belə nəzərə almaq lazımdır ki, testdə iştirak etmiş smartfon modeli məhz test versiyadır və satışa çıxmağa az qalmış tərtibatçılar smartfonun performans göstəricilərini optimizasiya edəcəklər. Son məlumatlara əsasən Galaxy S10 Lite modeli 2K+ keyfiyyətli 5.8 düym AMOLED ekranla təchiz olunacaq. Galaxy S10, Galaxy S10 Lite və Galaxy S10 Plus modelləri gələn ayın sonunda təqdim olunacaqlar. Bundan əlavə olaraq Samsung şirkəti 5G texnologiyasına sahib xüsusi Galaxy S10 versiyasını da təqdim edə bilər.
    Linki kopyala