Logo
    Google məlumat mərkəzləri üçün meşəni icazəsiz qırıb üzr istədi

    Google məlumat mərkəzləri üçün meşəni icazəsiz qırıb üzr istədi

        “Google” şirkətinin Finlandiya üzrə rəhbəri Muhos yaxınlığında məlumat mərkəzlərinin tikintisi üçün meşələrin icazəsiz qırılmasına görə üzr istəyib. Ərazidə təxminən 330 hektar meşə palçıqlı sahəyə çevrilib. Şirkətə Otanmäki kəndindən təxminən 89 km cənub-şərqdə yerləşən başqa bir sahədə də işi dayandırmaq tapşırılıb. Burada 200 hektara yaxın meşə təmizlənib. Beləliklə, zərər görən ümumi ərazi 530 hektarı ötüb. Məlumata görə, meşədən çıxan canavarlar yaxın kəndlərə girib.
        Otanmäkidə yaşayan 53 yaşlı Anni Ranta deyib ki, vəhşi heyvanlar ərazidən uzaqlaşandan sonra canavarlar kəndə gəlməyə başlayıb. Rantanın ailəsi nəsillərdir bu kənddə yaşayır. Yerli sakinlər vəziyyəti insanlar üçün təhlükəli sayırlar. Onlar tikinti və sənaye səsindən də narazıdırlar. Sakinlərin sözlərinə görə, kiçik çayların suyu qəhvəyi rəng alıb, nadir quşlar da ərazini tərk edib.
        Finlandiya Təbiəti Mühafizə Assosiasiyasının nümayəndəsi ekoloji qaydaların belə pozulmasını açıq və görünməmiş hal adlandırıb. Finlandiyanın Lisenziyalaşdırma və Nəzarət Orqanı - LVV Muhos və Otanmäki yaxınlığındakı layihələrin dayandırılmasını tələb edib. Qurum bundan əvvəl Muhos və Kajaani bölgələrində də tikinti işlərinin saxlanmasını istəmişdi. Həmin ərazilərdə süni intellekt sistemlərinin işləməsi üçün yeni məlumat mərkəzləri tikilirdi.
        “Google” nümayəndəsi şirkətin LVV-nin bütün tələblərinə əməl edəcəyini və dövlət qurumları ilə açıq dialoqu davam etdirəcəyini deyib. Şirkət Finlandiya hökuməti və yerli təşkilatlarla əməkdaşlığı gücləndirmək istədiyini də vurğulayıb. Bəzi sakinlər ABŞ şirkətinə aid məlumat mərkəzlərinin Finlandiyanı mümkün Rusiya hücumu üçün daha cəlbedici hədəfə çevirə biləcəyindən narahatdırlar.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...