
GoPro şirkəti yeni Hero 7 action kamera seriyasını təqdim etdi (VİDEO)
Elm & Texnologiya
20.09.2018
Emil
GoPro şirkəti özünün Hero adlı action kamera seriyasının
yeni versiyalarını təqdim etdi. Yenilənmiş GoPro Hero 7 action kamera
seriyasına Black, Silver və White
modelləri daxildir. Xarici görünüşcə GoPro Hero 7 Black flaqman modeli əvvəlki
versiyadan heç də fərqlənmir. Üstəlik əvvəlki texniki göstəricilər də öz yerlərində
qalıblar. Hero 7 Black 12 MP-lik kamera və GP1 çipi ilə təchiz olunub. Lakin
RAM gücünün artması hesabına kameranın imkanları bir qədər genişləndirilib. Belə
ki, kamerada olan xüsusi ötürücülər vasitəsilə prosessor kameranın hərəkət
vektorunu təyin edərək yeni HyperSmooth adlı stabilizasiya sisteminin köməyi
ilə hətta ən güclü əsmələri belə aradan qaldırır.

HyperSmooth stabilizasiya
sistemi sayəsində istifadəçi kamera üçün artıq əlavə stabilizasiya cihazını
almalı olmayacaq. Lakin bir mənfi cəhət ondan ibarətdir ki, bu sistem rəqəmsal
olduğundan istifadə vaxtı piksellərin müəyyən bir hissəsi “yeyilir”. Buna görə
də nəticə etibarilə alınan video bir qədər keyfiyyətcə aşağı olur. Bundan əlavə
olaraq GoPro Hero 7 Black modeli saniyədə 60 kadr sürətlə 4K, saniyədə 120 kadr
sürətlə 2.7K və saniyədə 240 kadr sürətlə Full HD keyfiyyətlərində videolar çəkə
bilir. Əlavə olaraq flaqman model TimeWarp adlı funksiyaya da sahibdir. Bu funksiya sayəsində istifadəçi uzun videoları sürətləndirə bilər.

Əvvəlki model
kimi yeni Hero 7 Black modelində həmçinin səsli idarəetmə sistemi, Wi-Fi və GPS
ötürücü var. Hero 7 Black-in digər modellərdən fərqləndirən əsas üstünlüyü ondan
ibarətdir ki, onun vasitəsilə Facebook, YouTube, Twitch və s. servislərdə canlı
yayım etmək olar. Yeni modelin 2 inç-lik sensorlu ekranında idarəetmə
smartfonlardakı idarəetməni xatırladır. Bir dəfə şarj olunandan sonra Hero 7
Black modeli 2 saat çalışa bilir. Kameranın korpus ölçüləri əvvəlki model ilə
eynidir. Buna görə də Hero 6 Black-də istifadə olunan bütün aksessuarları həmçinin
Hero 7 Black-də də istifadə etmək olar.
GoPro Hero 7 Silver isə 10 MP-lik kamera ilə təchiz olunub.
O, saniyədə 30 kadr sürətlə 4K video çəkimi və HDR funksiyasını dəstəkləyir. Bu
modeldə də rəqəmsal stabilizasiyadan istifadə olunur. Lakin Silver modeldəki rəqəmsal
stabilizasiya Hero 7 Black-dəki kimi təkmilləşdirilmiş deyil. Belə ki, Hero 7
Silver tamamilə başqa çip ilə təchiz olunub. Ən sadə versiya olan Hero 7 White saniyədə 60 kadr sürətlə
Full HD videolar çəkə bilir. Hər 3 modelin korpusları 10 metr su dərinliyinə
kimi enişə dözə bilir. Hər 3 kamera modeli 27 Sentyabr tarixindən satışa
çıxacaq. Beləliklə ABŞ-da Hero 7 Black modeli 400$, Hero 7 Silver modeli 300$, Hero 7 White modeli isə 200$ qiymətinə satılacaq.
Avropada qiymətlər 440 avro, 330 avro və 220 avro təşkil edəcək.




Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
