Logo
    main-post-cover

    Günəş SpaceX-in Starlink peyklərini sıradan çıxarır

    Elm & Texnologiya
    29.05.2025
    Emil
         Yer orbitində indiyə qədər heç vaxt indiki qədər çox peyk olmayıb. Bu, əsasən SpaceX-in Starlink kimi kosmik peyk qruplaşmasının meydana çıxması ilə bağlıdır. Lakin aqressiv kosmik mühit və Günəşdəki partlayışlar peyklərin xidmət müddətinə mənfi təsir göstərir. Bu, qruplaşma miqyasında xüsusi narahatlıq doğura bilər, çünki eyni vaxtda çox sayda aparatın istismar müddəti qısalır. Günəş 11 illik aktivlik dövründən keçir və bu dövr Günəş maksimumu adlanan mərhələdə zirvəyə çatır. Belə bir dövr sonuncu dəfə ötən ilin sonunda müşahidə olunub. Bu mərhələlərdə Günəşdə daha güclü partlayışlar baş verir və bunlar geomaqnit qasırğalarına səbəb olur. Bu qasırğalar Yer atmosferini qızdırır və onu genişləndirir, nəticədə peyklərin dəf etməli olduqları müqavimət artır. NASA-nın Goddard Kosmik Uçuşlar Mərkəzinin alimləri Günəş aktivliyinin Starlink peyklərinə nə qədər güclü təsir etdiyini müəyyən ediblər.
         “Biz aşkar etdik ki, geomaqnit qasırğaları zamanı peyklər planlaşdırılandan daha tez sıradan çıxır” - deyə tədqiqat müəlliflərindən biri, Denny Oliveira bu məsələ ilə bağlı şərh verib. Tədqiqatçıların sözlərinə görə, Günəş maksimumu dövründə peykin xidmət müddəti cəmi 10 günə qədər qısala bilər. Bu təsir yalnız son zamanlar nəzərə çarpmağa başlayıb. Səbəb isə Yerə yaxın aşağı orbitdə yerləşən kosmik peyklərin sayının kəskin şəkildə artmasıdır. Hazırda bu orbitdə 7 mindən çox peyk mövcuddur. Onların böyük hissəsi SpaceX-ə məxsusdur və şirkət mütəmadi olaraq yeni peykləri kosmosa çıxarır. Ümumilikdə, SpaceX 30 mindən çox peykdən ibarət bir qrup formalaşdırmağı planlaşdırır. Hazırda hər həftə bir neçə Starlink peyki orbitdən çıxaraq Yer atmosferinə daxil olur və burada tamamilə yanaraq məhv olmalıdır. Starlink qrupunun genişlənməsi ilə sıradan çıxan kosmik aparatların bu cür orbitdən çıxması daha da artacaq.
         “Bu, tarixdə ilk dəfədir ki, bu qədər peyk eyni vaxtda atmosferə qayıdır” - deyə Denny Oliveira bildirib və əlavə edib ki, 2020-2024-cü illər arasında atmosferə daxil olan 523 Starlink peyki qeydə alınıb. “Bir neçə ildən sonra peyklər hər gün atmosferə daxil olacaq” - deyə o, hesab edir. Bəzi Starlink peykləri xidmət müddətinin sonunda qəsdən orbitdən çıxarılıb atmosferə endirilir, digərləri isə təbii qüvvələrin təsiri ilə Yerə yaxınlaşır. Tədqiqatçılar müəyyən ediblər ki, sonuncu Günəş aktivliyi dövründə - 37 Starlink aparatının orbitdən çıxdığı zaman - Yer səthindən 300 km-dən aşağı hündürlükdə olan peyklər təxminən 5 gün ərzində orbitdən çıxıb, halbuki adi vaxtlarda bu proses 15 gün çəkərdi. Tədqiqatçılar hesab edirlər ki, bu təsir iri peyk qruplarının operatorları üçün faydalı ola bilər, çünki onlar sıradan çıxmış aparatları orbitdən daha tez çıxara biləcəklər.
         Bununla belə, bu təsir 400 km-dən aşağı orbitlərdə peyklərin idarə olunmasını çətinləşdirə bilər. Eyni zamanda, daha sürətli atmosferə dönüş peykin tam yanmadan planetin səthinə parçalarının çatması ehtimalını da artıra bilər. “Obyektin Yerə çatması ehtimalı yarana bilər” - deyə Oliveira əlavə edib. Artıq Starlink peykinin tam yanmadan atmosferə daxil olduğu bir hal qeydə alınıb. Ötən ilin avqust ayında Kanadanın Saskaçevan əyalətindəki bir fermada Starlink aparatına məxsus 2.5 kq-lıq fraqment tapılıb. SpaceX-in məlumatına görə, bu, şirkət peyklərindən birinin atmosferdə tam yanmaması ilə nəticələnən yeganə məlum hadisədir. Aydındır ki, Starlink qrupunun böyüməsi ilə bu cür peyk fraqmentlərinin yerə düşmə halları da artacaq və bu, Yer sakinləri üçün təhlükə yarada bilər.
    Paylaş