Logo
    main-post-cover

    Günəş və külək energetikası kömürdən daha çox elektrik enerjisi verməyə başlayıb

         Energetika analitik mərkəzi olan Ember-in tədqiqatına əsasən, 2025-ci ilin birinci yarısında günəş və külək enerjisi birlikdə dünya üzrə elektrik enerjisinə olan tələbatın artımını üstələyib. Bunun nəticəsində ötən ilin eyni dövrü ilə müqayisədə kömür və qazdan enerji istehsalı azalıb. Qeyd olunub ki, dünya tarixində ilk dəfə bərpa olunan enerji mənbələri kömürdən daha çox enerji istehsal ediblər. 2025-ci ilin ilk yarısında bərpa olunan enerji mənbələri ümumilikdə 5072 Tvt·s (teravat-saat) elektrik enerjisi istehsal ediblər, halbuki ötən il bu göstərici 4709 Tvt·s idi. Müqayisə üçün, kömürdən istifadə ilə 4896 Tvt·s enerji istehsal olunub (illik müqayisədə -31 Tvt·s azalma). “Biz mühüm bir dönüş nöqtəsinin ilkin əlamətlərini müşahidə edirik” - deyə Ember təşkilatının baş elektrik enerjisi analitiki Małgorzata Wiatros-Motyka bildirib.
         “Günəş və külək enerjisi hazırda dünyada artan elektrik enerjisi tələbatını ödəmək üçün kifayət qədər sürətlə inkişaf edir. Bu, ekoloji cəhətdən təmiz enerjiyə keçidin başlanğıcını göstərir - bu keçid artıq tələbatın artımı ilə paralel şəkildə irəliləyir” - deyə o, əlavə edib. 2025-ci ilin birinci yarısında dünyada elektrik enerjisinə olan tələbat 2.6% artıb - bu, ötən illə müqayisədə 369 Tvt·s çox deməkdir. Bu artımın əsas hissəsini - 83%-ni - günəş enerjisi təmin edib, onun həcmi 306 Tvt·s və ya illik müqayisədə 31% artıb. Külək enerjisinin sabit inkişafı ilə birlikdə bərpa olunan enerji mənbələri artan tələbatı qarşılamağa və kömür, qaz kimi təbii yanacaqları sıxışdırmağa başlayıb. Hesabat dövründə kömürdən elektrik istehsalı 0.6% (-31 Tvt·s), qazdan isə 0.2% (-6 Tvt·s) azalıb. Ümumilikdə təbii yanacaqlardan enerji istehsalı 0.3% (-27 Tvt·s) azalma göstərib. Nəticədə, qlobal enerji sektorundakı karbon emissiyaları 0.2% azalıb.
         Lakin bu irəliləyiş bütün regionlarda müşahidə edilməyib. Dünyanın 4 ən böyük enerji bazarından - Çin, Hindistan, ABŞ və Avropa Birliyi arasında - ikisində təbii yanacaqlardan enerji istehsalı azalıb, digərində isə artım qeydə alınıb. Çində təbii yanacaqlardan əldə olunan elektrik enerjisi istehsalı 2% (-58,7 Tvt·s) azalıb. Hindistanda isə kömürdən enerji istehsalı 3.1% (-22 Tvt·s), qazdan isə 34% (-7,1 Tvt·s) azalma göstərib. Eyni zamanda, ABŞ və Avropa Birliyində təbii yanacaqlardan elektrik istehsalı artıb. ABŞ-da elektrik enerjisinə olan tələbat bərpa olunan enerji mənbələrinin onu ödəmə sürətindən daha tez artdığı üçün, təbii yanacaqlardan enerji istehsalı artırılıb. Avropa Birliyində isə külək və hidroenergetikanın səmərəliliyinin azalması qaz və kömürdən istifadəni artırmaq zərurətinə səbəb olub. Ember təşkilatı qeyd edir ki, tendensiya aydındır: təmiz enerji artıq artan elektrik tələbatını ödəyə bilir. Lakin əldə olunan irəliləyişin möhkəmlənməsi üçün günəş və külək enerjisinin, həmçinin onların saxlanması üçün batareya sistemlərinin tətbiqi sürətləndirilməlidir.
    Paylaş