main-post-cover

    Hansı 'Messenger' tətbiqləri aktivdir? 'VPN' vasitəsilə 'Messenger' tətbiqlərindən necə istifadə etmək olar?

    03.06.2017
    Farid Pardashunas
    Son günlərdə ölkədə 'Whatsapp''Skype''IMO' və digər görüntülü danışmaq imkanı yaradan platformaların fəaliyyətində yaranan məhdudlaşmalar, istifadəçilərin sosial şəbəkələrdə narazılığına səbəb olub. 'Technote Media' olaraq məsələ ilə bağlı etdiyimiz rəsmi müraciətlərə təəssüf ki, cavab ala bilmədik və məsələ hələ də qaranlıq olaraq qalmaqdadır.
    Yaranmış problemə əsasən istifadəçilər xarici ölkələrə edilən zənglər və video görüntülü danışıqlar zamanı məhdudiyyətlərlə üzləşirlər. Belə bir vəziyyətdə xarici ölkələrdə oxuyan tələbələr, xarici şirkətlərlə əməkdaşlıq edən yerli firmalar əlaqə zamanı ciddi problemlərlə üzləşirlər. Məsələnin mahiyyəti ilə bağlı rəsmi açıqlamanın olmaması, istifadəçilərdə yeni bir sual yaradır: 'Bu tətbiqlərin bloklanması provayderlərin kommersiya maraqları üçün edilib?'
    Bu barədə detallı informasiya olmadığı üçün bu məqaləmizdə sizlərə alternativ vasitələrin köməkliyi ilə xarici ölkələrlə olan video görüntülü danışıqlarınızı necə həyata keçirə biləcəyiniz haqqında məlumat yazacağıq. İlkin olaraq hələ ki, fəaliyyəti məhdudlaşdırılmayan tətbiqlər və platformalar haqqında məlumat verək.
    1. 'Google Hangouts' - Google tərəfindən 'Skype' alternativi olaraq yaradılan 'Hangouts'dan istifadə etmək üçün heç bir tətbiq yükləməyə gərək yoxdur. 'Gmail' hesabınız vasitəsilə istifadə edə biləcəyiniz bu platforma görüntü keyfiyyətinə görə heç də 'Skype'dan geri qalmır. Zəng etmək istədiyiniz şəxsin 'e-mail' ünvanını daxil etməklə bir toxunuşla 'Google'un keyfiyyətli xidmətindən istifadə edə bilərsiniz. 'Hangouts'dan istifadə etmək üçün bu link vasitəsilə keçid edə bilərsiniz.

    2. 'Google'un digər bir məhsulu və mobil tətbiq əsaslı 'Google Duo' həm 'Android' həm də 'iOS' platforması üçün mövcuddur. Çox sadə interfeysə malik olan bu tətbiq vasitəsilə görüntülü danışıqlar həyata keçirmək mümkündür. Görüntü keyfiyyətinə isə söz ola bilməz desək yanılmarıq. Ən əsası 'Google' sözün əsl mənasında bu işi bacarır.

    3. 'Teamviewer' - Adətən bir kompüterlə digər bir komputeri idarə etmək üçün istifadə olunan bu masaüstü tətbiqi çox vacib anlarda ünsiyyət vasitəsi kimi də köməyinizə çata bilər. Ekran paylaşımının və səs ötürülməsinin mümkün olduğu bu tətbiqi qeyri-kommersiya məqsədləri üçün pulsuz istifadə etmək istəsəniz buradan yükləyə bilərsiniz.
    Yaranmış vəziyyətdə hal-hazırda xarici danışıqlarda ciddi problemlər yaşanan 'Skype', 'Whatsapp' kimi məşhur tətbiqlərin xidmətindən ölkəmizdə necə istifadə etmək olar? Bunun üçün ən asan həll yolu təhlükəsiz 'VPN' kanallarından istfadə etməkdir. Virtual Xüsusi Şəbəkələr vasitəsilə sözügedən tətbiqlərin xidmətin tam funksional şəkildə istifadə etmək mümkündür. Burada diqqət edilməli xüsusi məqam güvənilir və təhlükəsiz 'VPN' kanallarından istifadə etməkdir. 
    Bütün platformalar üçün ayliq 10 GB pulsuz və təhlükəsiz 'VPN' xidməti verən 'Windscribe' tətbiqi sürətinə və xidmətinə görə digər 'VPN' xidmətlərindən daha üstündür. Tətbiqdən istifadə etmək üçün ilkin olaraq sizin cihaza uyğun olan tətbiqi buradan yükləmək lazımdır. Tətbiqi yüklədikdən sonra sizdən hesab açmağınız tələb olunur. Hesab açdıqdan sonra şirkət sizə aylıq 10 GB təhlükəsiz 'VPN' xidməti verir. Hesbaınıza daxil olduqdan sonra aldığınız paketi aylıq abunə olmaqla yüksəldə bilərsiniz. 'Promo code' hissəsinə isə sizə təqdim edəcəyimiz bu promo kodu yazmaqla '50GBFREE' əlavə 50 GB pulsuz əldə edə bilərsiniz.

    Tam olaraq pulsuz 'VPN' xidməti əldə etmək istəyən istifadəçilər isə 'Android' və 'iOS' platforması üçün 'Turbo VPN' tətbiqindən istifadə edə bilərlər. Bu 'VPN' tətbiqi reklamlarla zəngin olsa da sürət baxımından sizə messenger platformalarından tam istifadə etməyə imkan yaradacaq.
    Son olaraq ümid edirik ki, ölkəmizdə yaranmış bu problem qısa zamanda həll olunacaq və rəsmi şəkildə məsələ aydınlanacaq. Technote Media olaraq yaranmış problemi nəzarətdə saxlayarıq və rəsmi məlumat əldə etməyə çalışırıq. Əgər məqaləmiz sizin üçün faydalı oldusa, dostlarınızla bölüşüb, onların da faydalanmasına kömək ola bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər