
Hətta kvant kompüterinin sındıra bilməyəcəyi səsvermə sistemi hazırlanıb
Elm & Texnologiya
01.08.2025
Emil
Bəzi ölkələrdə artıq onlayn səsverməyə imkan verən rəqəmsal seçkilər tətbiq olunub. Lakin yaxın 10-15 il ərzində kvant kompüterləri mövcud şifrələmə metodlarını sındıra biləcəkləri üçün belə sistemlərin təhlükəsizliyinə ciddi təhdid yarana bilər. Bu səbəbdən norveçli alimlər kvant davamlı elektron səsvermə sistemi hazırlayıblar. Bu sistem seçkilərin əsas prinsiplərini - səsvermənin gizliliyini, nəticələrin etibarlılığını və yoxlanıla bilməsini qoruyur. Xüsusi “elektron mikşer” texnologiyası sayəsində məlumatlar qorunur və qarışdırılır, bu da sistemi gələcək kibertəhdidlərə qarşı davamlı edir. Rəqəmsal seçkilər artıq bir sıra ölkələrdə tətbiq olunub. İsveçrə, Estoniya, Fransa və Avstraliya seçicilərin seçki məntəqəsinə getmədən səs verə bilmələri üçün elektron səsvermə sistemlərindən istifadə etməyə başlayıblar. Bu ölkələrdə etibarlı qoruma mexanizmləri mövcuddur: onlar konkret bir şəxsin kimə səs verdiyini izləmə imkanını istisna edir və səslərin düzgün hesablanmasını təmin edir.

Lakin yeni hesablama texnologiyaları meydana çıxdıqca bu sistemlər daha həssas və zəif hala gələ bilər. Təhlükə kvant kompüterlərindən qaynaqlanır - bu cihazlar yaxın 10-15 ildə mövcud şifrələmə alqoritmlərinin böyük əksəriyyətini sındıra biləcək gücə sahib olacaqlar. Norveçin Milli Təhlükəsizlik İdarəsinin məlumatına görə, belə cihazların qarşıdakı 10 il ərzində yaranma ehtimalı 50%-dən çoxdur. IBM, Google və Microsoft kimi texnologiya nəhəngləri artıq kvant kompüterləri yaratmaq üzərində çalışırlar. Bundan əlavə, bu cür iki cihaz Norveç universitetlərindən biri olan OsloMet-in istifadəsindədir. Bu sistemlər mövcud superkompüterlərlə müqayisədə məsələləri qat-qat daha sürətli həll edə bilir və bu da onları müasir şifrələmə üsulları üçün potensial təhdidə çevirir.

Rəqəmsal seçkiləri qorumaq üçün Norveç Elm və Texnologiya Universitetinin (NTNU) alimləri kvant davamlı elektron səsvermə texnologiyası hazırlayıblar. İnformasiya təhlükəsizliyi kafedrasının dosenti Tjerand Silde izah edir ki, hətta gələcəyin ən güclü kompüterləri belə bu həll yolunu sındıra bilməyəcəklər. NTNU-da hazırlanmış mexanizm 3 əsas xüsusiyyəti təmin edir: yalnız səlahiyyətli seçicilər səs verə bilər, verilmiş səslər səs verən şəxslə əlaqələndirilmir, nəticələr isə yoxlanıla və təsdiqlənə bilər. Bu, “elektron mikşer” texnologiyası sayəsində mümkündür - bu texnologiya şifrələnmiş səsləri qarışdırır və nə sistemin, nə də kibercinayətkarların onları dəyişməsinə və ya hər bir səsin mənbəyini müəyyən etməsinə imkan verir.

Əgər bu gün səslərə dair şifrələnmiş məlumatlar saxlanılarsa, gələcəkdə kvant kompüterləri ilə onların şifrəsini açmaq mümkün olacaq. Məhz bu amil mütəxəssisləri narahat edir: həm kibercinayətkarlar, həm də bəzi dövlət qurumları artıq indi şifrələnmiş məlumat trafikini toplayırlar, ümid edərək ki, gələcəkdə onu sındıra biləcəklər. NTNU-da hazırlanmış texnologiya bu cür ssenarilərin qarşısını alır. Texnologiyanı hazırlayanlar vurğulayırlar ki, bu texnologiya mütləq şəkildə kağız bülletenləri əvəz etməyəcək, lakin ənənəvi üsulları tamamlaya bilər. Gələcəkdə rəqəmsal səsvermə iştirak səviyyəsini artıra, xərcləri azalda və əhalinin geniş təbəqələri üçün seçkilərdə iştirak prosesini asanlaşdıra bilər.
Paylaş