
Həvəskar bloger ev şəraitində ən güclü əl lazerini hazırlayıb (VİDEO)
Elm & Texnologiya
04.06.2025
Emil
YouTube istifadəçiləri arasında Styropyro ləqəbi ilə tanınan amerikalı bloger Drake Anthony, ABŞ qanunvericiliyini pozan əl lazer silahını yığıb və sınaqdan keçirib. Onun 250 vatt gücündə olan lazer şüası adi lazer göstəricilərindən təxminən 50 000 dəfə güclüdür. Risklərə baxmayaraq, həvəskar mühəndis bu ixtirasını kamera qarşısında sınaqdan keçirib, bir neçə əşyanı deşərək yandırıb və hətta almazların üzərində yanıqlar buraxıb. Bütün bunlar elm (və baxış sayı) naminə edilib. Əl lazerləri adətən lazer göstəricisi formasında istehsal olunur və 0.005 vatt gücündə fokuslanmış şüa buraxırlar. Bu, Styropyro tərəfindən hazırlanmış 250 vatt-lıq lazerlə müqayisədə cüzi bir göstəricidir.
Kimyaçı olan Styropyro öz adını ev şəraitində hazırladığı lazer sistemləri üzərində apardığı təcrübələrlə və onları izləyicilərinə nümayiş etdirməklə tanıdıb. Onun son ixtirası texniki xüsusiyyətlərinə görə əvvəlkiləri üstələyir və qanunla icazə verilən sərhədləri aşır. Bu da şübhəsiz ki, blogerin məşhurluğunu artırır. ABŞ qanunvericiliyinə görə lazer qurğularının gücü 5 millivatt-la məhdudlaşdırılıb. Daha güclü sistemlər gözə zərər verə və bədbəxt hadisələrə səbəb ola bilər. 250 vatt isə artıq sənaye səviyyəsində kəsici alətlər gücündədir. Styropyro yeni lazerini əvvəlki layihələrində olduğu kimi istifadə olunmuş və internetdən alınmış detallardan yığıb. Qurğuda bir neçə yüksək güclü mavi lazer diodundan istifadə olunub.
Onları digər optik cihazlarla birləşdirərək ixtiraçı nəticədə son dərəcə güclü bir şüa əldə edib. Bu şüaya qoruyucu eynəksiz bir baxış ani korluğa, dəri ilə təmas isə yanığa səbəb ola bilər. Buna görə də Anthony fərdi mühafizə vasitələrindən istifadə edir və təcrübələrini xüsusi təchiz olunmuş laboratoriyada aparır. Videoda Styropyro təkcə yeniyetmələrin marağına səbəb olacaq şəkildə əşyaları yandırmaqla kifayətlənmir, həm də bu lazerlə sintetik yaqutlar yaratmağın mümkün olduğunu nümayiş etdirir. Bu proses, lazer şüasının material - məsələn, alüminium oksidi - üzərində fokuslanaraq onu qiymətli daşlara bənzər kristal strukturlara çevirməsi ilə həyata keçirilir.
Paylaş
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
