Logo
    main-post-cover

    Hindistan Marsa öz aparatı ilə vertolyotunu göndərəcək

    Elm & Texnologiya
    20.05.2024
    Emil
         Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) Mars səthində fəaliyyət göstərəcək aparat ilə vertolyotun tez zamanda Marsa göndərilməsi üzrə hazırlıqların getdiyini açıqlayıb. Bəzi mənbələrin sözlərinə əsasən sözügedən missiyaya artıq bu ilin sonunda start verilə bilər. Lakin bu, heç də inandırıcı səslənmir. Çünki Mars ilə bağlı layihədə hələ həllini tapmamış problemlər mövcuddur. Hər halda Hindistanın kosmik sahəsi Marsa doğru istiqamət alıb. Hindistan özünün ilk planetlərarası avtomatik kosmik stansiyasını Marsa 2014-cü ildə göndərmişdi. Bu, faktiki olaraq demo platforma idi.
         Lakin heç kimin gözləmədiyi halda sözügedən avtomatik kosmik stansiya Marsın orbitinə çatdı və 2022-ci ilə kimi orda fəaliyyət göstərdi. Bununla belə ISRO mütəxəssisləri cəmi 75 milyon dollar vəsait və yarım il vaxt sərf edərək qarşısına qoyulmuş bütün tapşırıqların öhdəsindən gəlmiş kosmik aparat yarada bildilər. Keçən il isə Hindistanın Ay səthinə uğurlu şəkildə Ay aparatını endirə bilməsi hindistanlı alimlər ilə mühəndislərin dünya səviyyəsində kosmik proqramları reallaşdırmaq bacarığına sahib olduqlarını bir daha sübut etdi.
         Məlumata əsasən ISRO-nun Mars ilə bağlı olan ikinci missiyası Mars Orbiter Mission-2 (MOM-2) və ya başqa adla Mangalyaan-2 adlanır. Xəbərin əvvəlində də qeyd edildiyi kimi ISRO Mars səthində fəaliyyət göstərəcək aparat ilə vertolyotun göndərilməsini planlaşdırır. Marsa vertolyotun göndərilməsi mövzusunda ISRO məhz NASA-nın Mars səthində fəaliyyətdə olmuş Ingenuity adlı vertolyotundan ilhamlanıb. Qeyd etmək lazımdır ki, NASA-nın Ingenuity adlı vertolyotu Perseverance aparatı ilə birgə Marsa göndərilmişdi.
         Nəticədə Ingenuity Mars səthində 1000 Mars sutkasından çox müddət ərzində uğurla fəaliyyət göstərdi. Daha öncəki məlumatlara əsasən Mangalyaan-2 adlı Mars missiyası özündə minimum 4 elmi qurğunu birləşdirəcək. Həmin elmi qurğular Marsın keçmiş tarixinin müşahidəsi, onun atmosferinin analizi, və onun iki peyki olan Fobos ilə Deimos tərəfindən potensial olaraq formalaşmış toz halqasının axtarışı üçün nəzərdə tutulacaqlar. ISRO sözügedən Mars missiyasının nə zaman reallaşdırılacağı barəsində konkret bir məlumat verməyib.
    Paylaş