main-post-cover

    Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyalarıdır'

    Elm & Texnologiya
    13.04.2021
    Emil Nəcəfov
        Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiymətlərinin yüksəlməsinə gətirib çıxardır. Analitiklərin sözlərinə əsasən bunun əsas səbəbi dünyada yaşanan koronavirus pandemiyasıdır. Lakin Huawei şirkəti bu məsələdə fərqli fikirə sahibdir. Bu barədə Nikkei Asia saytı xəbər verib. Huawei şirkətinin idarə heyətinin sədri olan Eric Xu-nun sözlərinə əsasən bütün dünyada prosessor çatışmazlığı probleminin yaranmasına ABŞ sanksiyaları səbəb olublar.
        Qeyd etmək lazımdır ki, ABŞ hökuməti milli təhlükəsizlik səbəbilə Huawei və bir sıra digər Çin şirkətini qara siyahıya salıb. Nəticədə həmin şirkətlər ABŞ texnologiyalarından istifadə edə bilmirlər. Huawei təmsilçisinin sözlərinə əsasən ABŞ sanksiyaları səbəbilə şirkətlər prosessor istehsalçılarından külli miqdarda prosessor alıblar. Bu isə öz növbəsində bütün dünyada prosessor çatışmazlığına gətirib çıxardıb. Hal hazırda həmin şirkətlər növbəti 3-6 ay üçün öz ehtiyatlarını təmin edirlər. Əvvəllər isə belə bir hal demək olar olmayıb.
        “Tamamilə aydındır ki, ABŞ-ın Huawei və digər şirkətlərə qarşı əsaslanmamış sanksiyaları bütün sənayedə təchizat problemini yaradıblar. Bu hətta yeni iqtisadi böhrana da gətirib çıxarda bilər” - deyə Huawei təmsilçisi bildirib. Bununla yanaşı o qeyd edib ki, artıq bir çox şirkət fərdi prosessor istehsalına keçid edir ki, heç kimdən asılı vəziyyətdə qalmasın. Bu isə öz növbəsində irimiqyaslı investisiyaları tələb edir və nəticədə yekun məhsulların qiymətlərinə təsir göstərə bilər. Huawei şirkətinə gəldikdə isə o, yaranmış problemdən çıxış yolunu axtarır. Onun hələ prosessor ehtiyatı var. Lakin həmin ehtiyatın nə qədər müddətə bəs edəcəyi bilinmir.
    Linki kopyala