main-post-cover

    Huawei Honor Note 10 flaqman modeli rəsmi olaraq təqdim edildi

    31.07.2018
    Farid Pardashunas
        Huawei şirkətinin tərkibində fəaliyyət göstərən Honor brendi özünün Note seriyasının yeni modeli olan Honor Note 10 modelini təqdim etdi. Əvvəlcədən gözlənildiyi kimi bu flaqman model yüksək texniki göstəricilər, əla kamera və gamerlər üçün olan bəzi özəlliklər ilə təchiz olunub. Beləliklə Honor Note 10 18.5:9 nisbətli 6.95 inç AMOLED ekranla təchiz olunub. Smartfonun ekranı 2.5D qoruyucu şüşə, arxa paneli isə metal oksiddən hazırlanmış xüsusi örtük ilə əhatə olunub. Bununla yanaşı smartfonun ekranı HDR10 texnologiyasını da dəstəkləyir. Maraqlısı ondadır ki, smartfon ekranının üzərində çıxıntı hissə yoxdur. Texniki göstəricilərə gəldikdə isə Honor Note 10 2.4 GHz tezlikli 8 nüvəli Kirin 970 prosessoru, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş (256 GB-a kimi microSD dsətəyi) və Super Charge sürətli enerji yığma özəllikli 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

        Yüksək performans özəlliyinin əldə olunması üçün smartfonda GPU TurboDouble Turbo texnologiyaları tətbiq olunub. Bu texnologiyalar üçün nəzərdə tutulmuş xüsusi düyməyə klik edərək prosessorun gücünü artırmaq mümknüdür. Yuxarı tezliklərdə prosessorun qızmasının qarşısını almaq üçün Honor Note 10-da həmçinin NINE adlı maye soyuducu sistem də quraşdırılıb. Onun sayəsində prosessorun temperaturunu 10 dərəcə aşağı salmaq mümkündür. Smartfon həmçinin 24 MP + 16 MP ikili arxa kamera və 13 MP-lik ön kamera ilə təchiz olunub. Kameralar vasitəsilə çəkiliş zamanı istənilən səhnənin təyin olunması üçün süni zəka texnologiyasından istifadə olunur. Çəkilmiş fotoların emal olunması üçün əlavə prosessor nəzərdə tutulub. Həmin prosessor sayəsində əsas prosessorun üzərinə yük düşmür.

        Bir çox smartfonlar kimi Honor Note 10 da ənənəvi 3.5 mm-lik audiogirişdən məhrum olub. Beləliklə naqilli qulaqlıqları smartfona qoşmaq üçün USB Type-C girişi üçün nəzərdə tutulmuş keçid naqildən istifadə etmək lazım gələcək. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 409$, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 468$, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya isə 527$ qiymətinə satılacaq. Çin bazarında Honor Note 10 sabahdan etibarən satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər