Logo
    main-post-cover

    Huawei kompüterlər üçün nəzərdə tutulmuş yeni Kirin prosessoru üzərində çalışır

    Elm & Texnologiya
    30.04.2024
    Farid
         ABŞ tərəfindən olan sanksiyalara baxmayaraq Huawei şirkəti öz smartfonları üçün nəzərdə tutulmuş Kirin prosessorlarını hazırlamağa davam edir. Ortaya çıxmış yeni məlumata əsasən şirkət kompüterlər üçün nəzərdə tutulmuş yeni Kirin prosessoru üzərində çalışır. Məlumatlarda qeyd edilib ki, kompüterlər üçün hazırlanan yeni Kirin prosessoru çox nüvəli çalışma rejimində performans nöqteyi nəzərdən Apple M3 ilə, GPU nöqteyi nəzərdən isə Apple M2 ilə rəqabət apara biləcək. İnsayderlər bildiriblər ki, sözügedən Kirin prosessoru 8 ədəd yüksək performanslı TaiShan v130 nüvəsini və Mailiang 920 adlı yeni nəsil GPU-nu əldə edəcək.
         Qeyd etmək lazımdır ki, Huawei Mate 60 smartfon seriyasında istifadə edilən keçən ilki Kirin 9000S prosessoru özündə TaiShan v120 nüvəsini birləşdirir. Məlumata əsasən bu nüvənin arxitekturası miqyaslana biləndir. Bu isə performans baxımından Apple prosessorları ilə rəqabətə işarə edir. Bununla yanaşı insayderlər bildiriblər ki, kompüterlər üçün hazırlanan yeni Kirin prosessoru 32 GB-lıq RAM yaddaşlarının və 2 TB-lıq SSD-lərin dəstəklərini əldə edəcək.
         Huawei şirkəti sözügedən prosessoru SMIC şirkətinin ya 7 nanometrlik ya da 5 nanometrlik texnoloji prosesi əsasında istehsal edəcək. Lakin SMIC şirkətinin 5 nanometrlik texnoloji prosesi prosessorun kütləvi istehsalı üçün hələ hazır deyil. Əgər Huawei 7 nanometrlik texnoloji prosesi seçsə, bu, prosessorun aşağı enerji effektivliyinə səbəb olacaq. Kompüterlər üçün hazırlanan yeni Kirin prosessorunun bu il təqdim olunacağı gözlənilir.
    Paylaş