main-post-cover

    Huawei şirkəti ARM-in yeni arxitekturası sayəsində Kirin prosessorlarının istehsalını bərpa edə bilər

    Elm & Texnologiya
    31.03.2021
    Emil Nəcəfov
        Huawei şirkəti yaxın zamanda özünün Kirin prosessorlarının istehsalını bərpa edə bilər. Bu cür bəyanatı ARM şirkəti özünün yeni Arm v9 prosessor arxitekturasının təqdimatı çərçivəsində verib. Məlumata əsasən ARM şirkəti bildirib ki, yeni Arm v9 arxitekturasının hazırlanmasında o, ABŞ texnologiyalarından başqa digər ölkələrin də intellektual mülkiyyətlərindən istifadə edib. Hərtərəfli analiz aparandan sonra ARM belə qənaətə gəlib ki, Arm v9 arxitekturası ABŞ-ın qara siyahısında olan şirkətlər üçün eksport texnologiyalarının sanksiyalarına daxil olmur.
        ARM hətta bu məsələ ilə bağlı ABŞ-ın dövlət orqanlarına məlumat da göndərib. Beləliklə Huawei-yə məxsus olan HiSilicon şirkəti öz prosessor istehsalında Arm v9 arxitekturasından istifadə edə bilər. Lakin Huawei şirkətinin bu cür imkandan faydalanıb-faydalanmayacağı bilinmir. Belə ki, şirkət bu barədə rəsmi fikir bildirməyib. Qeyd etmək lazımdır ki, keçən ilin sentyabr ayında qəbul edilmiş yeni ABŞ sanksiyaları səbəbilə Tayvanın TSMC şirkəti Kirin prosessorlarının istehsalını dayandırmışdı.
        Belə ki, ABŞ hökumətinin həmin vaxtda qəbul etmiş olduğu yeni sanksiyalara əsasən istehsalat prosesində ABŞ texnologiyalarından istifadə edən istehsalçılara Huawei ilə əməkdaşlıq etmək qadağan edilmişdi. Nəticədə Huawei Kirin prosessorlarından məhrum oldu. Bu isə öz növbəsində şirkətin smartfonlarının istehsalında ciddi problemlər yaratdı. Məlumata əsasən hal hazırda Huawei bu səbəbdən planlaşdırılan P50 smartfon seriyasının istehsalında problemlər yaşayır.
    Linki kopyala