Huawei şirkəti Kirin 990 5G prosessorunu təqdim etdi

TEXNOLOGİYA


06.09.2019 0 PAYLAŞIM 170 OXUNMA


    IFA 2019 sərgisində Huawei şirkəti Kirin 990 5G adlı yeni prosessorunu təqdim etdi. Şirkətin sözlərinə əsasən sözügedən prosessor bir sıra sahələr üzrə dünyanın ilk prosessoru oldu. Belə ki, Kirin 990 7 nanometrlik texnoloji prosesi əsasında hazırlanaraq özündə 5G çipi birləşdirən ilk prosessordur. Şirkət həmçinin yeni prosessorda qrafik göstəricilər ilə enerji sərfiyyatı effektivliyini təkmilləşdirib. Bu barədə 4pda saytı xəbər verib. Şirkətin verdiyi məlumata əsasən keçən ilki Kirin 980 ilə müqayisədə yeni Kirin 990 5G-nin birnüvəli gücü 10%, çoxnüvəli gücü isə 9% daha çoxdur. Bundan əlavə olaraq şirkət qeyd edib ki, Kirin 990 5G-də olan enerji sərfiyyatının təkmilləşdirilməsi vasitəsilə smartfonlar bir dəfə şarj olunandan sonra daha çox çalışa biləcəklər.

    Aparıcı 7 nanometr + EUV texnoloji prosesin istifadəsi vasitəsilə Kirin 990 5G prosessoru 5G dəstəyinə sahib mobil prosessorlar bazarında ən kompakt ölçüyə sahib model olub. Bununla yanaşı bu prosessor 10 milyard tranzistora sahib ilk prosessor modelidir. Prosessora Balong 5000 adlı 5G çipinin yerləşdirilməsi sayəsində Kirin 990 5G prosessoruna sahib cihazlar 5G şəbəkə internetinə qoşulmaqla internetdən olan məlumatları saniyədə 2.3 Gbit sürətlə yükləyə biləcəklər. Bütün bunlarla yanaşı Kirn 990 5G prosessoru Da Vinci arxitekturası əsasında yaradılmış ikinüvəli neyrobloklara (NPU) sahib ilk flaqman prosessor olub. Da Vinci arxitekturası isə özündə böyük və balaca NPU nüvələri birləşdirir.

    Böyük nüvələr yüksək perfomansı və ağır hesablayıcı əməliyyatların yerinə yetirilməsi zamanı enerji effektivliyini, ikinci nüvələr isə maksimal dərəcədə aşağı enerji sərfiyyatı vasitəsilə əməliyyatların yerinə yetirilməsini təmin edir. Kirin 990 5G-nin mərkəzi prosessoru enerji effektivliyinin yüksəlməsi üçün 3 səviyyəli strukturdan istifadə edir. Həmin struktur 2.86 GHz tezlikdə çalışan iki ədəd böyük nüvədən, 2.36 GHz tezlikdə çalışan iki böyük nüvədən və 1.95 GHz tezlikdə çalışan dörd ədəd aşağı güclü nüvədən ibarətdir. Yeni prosessorun qrafik sisteminə gəldikdə isə o, 16 nüvəli Mali-G76 qrafik prosessorunu özündə birləşdirir. Beləliklə Kirin 990 5G prosessoru bu qrafik çipi əldə etmiş ilk prosessor oldu.

    Bununla yanaşı yeni prossessor həmçinin Kirin Gaming+ 2.0 texnologiyasını da dəstəkləyir. Onun sayəsində mobil oyunların performansları daha da yüksələcək. Kirin 990 5G həmçinin UFS 3.0 standartlı daxili yaddaş hcəmini də dəstəkləyir. Təqdimat tədbirində şirkət həm də adi Kirin 990 prosessorunu təqdim etdi. Adi modelin fərqi yalnız ondan ibarətdir ki, o, 5G çipi özündə birləşdirmir. Çox güman ki, şirkət bu prosessorları öz məhsullarında 5G şəbəkəsinin müəyyən ölkədə yayılıb-yayılması üzrə istifadə edəcək. Kirin 990 5G prosessorunu ilk əldə edəcək cihazlar isə Mate 30 smartfon seriyası ilə qatlana bilən Mate X smartfonu olacaqlar.