Logo
    main-post-cover

    İnsanabənzər robotlar NVIDIA serverlərinin yığılmasında iştirak edəcəklər

         İstehsalatda məhz humanoid (insanabənzər) robotlardan istifadə ideyası getdikcə daha çox şirkəti cəlb edir və NVIDIA üçün server avadanlıqları toplayan ən böyük podratçılardan biri olan Tayvan şirkəti Foxconn da bu trendlə ayaqlaşmaq qərarına gəlib. Şirkətin ABŞ-ın Hyuston şəhərində yerləşən müəssisəsində insanabənzər robotların tətbiqinə başlanacaq. Foxconn nümayəndələri təsdiqləyiblər ki, Texasdakı zavod şirkətin dünyada insanabənzər robotlardan istifadə etməyə başlayacağı ilk müəssisələrdən biri olacaq. Bu robotlar GR00T N modeli ilə təlim keçmiş və NVIDIA Isaac platformasından istifadə edən sistemlərdir.
         Süni intellekt alqoritmləri NVIDIA üçün server avadanlıqlarının yığılması üzrə fəaliyyət göstərən bu fabrikin iş prosesində fəal şəkildə tətbiq olunacaq. Foxconn eyni zamanda ABŞ bazarında server sistemlərinə olan tələbin sürətlə artdığını nəzərə alaraq, istehsalatı Viskonsin və Kaliforniya ştatlarında genişləndirməyə hazır olduğunu bildirib. “Komandamız ABŞ-da süni intellekt üçün ən qabaqcıl məlumat emalı mərkəzi həllərini təqdim edir və bu, aparıcı müştərilərimizin süni intellekt yarışında ön sırada qalmasına imkan verəcək” - deyə Foxconn idarə heyətinin sədri Young Liu mətbuat açıqlamasında qeyd edib.
         İstehsalat proseslərinin avtomatlaşdırılması üzrə mütəxəssislər insanabənzər robotların istehsalat xətlərində istifadəsinin məqsədəuyğunluğunu şübhə altına alırlar, çünki ixtisaslaşmış manipulyatorlar və avtonom platformalar həm maliyyə, həm də vaxt baxımından daha səmərəlidir. Lakin insanabənzər robot istehsalçıları bu sahəyə fəal şəkildə daxil olmağa çalışırlar. Tesla və Çin avtomobil istehsalçıları bu istiqamətdə böyük həvəslə təcrübələr aparırlar. ABŞ-da Foxconn üçün robotların tətbiqi həm də istehsalın sürətlə genişləndirildiyi şəraitdə işçi qüvvəsi çatışmazlığını qismən aradan qaldırmaq vasitəsi kimi qiymətləndirilir.
    Paylaş