main-post-cover

    İnsanın öz ölümündən sonra rəqəmsal kopyasını yaratmaq nə dərəcədə mümkündür?

    Elm & Texnologiya
    10.01.2018
    Farid Pardashunas
    “Black Mirror” televiziya serialının yaradıcıları son sezonun bir sıra seriyalarında insanın rəqəmsal kopyası mövzusuna toxunublar.
    Virtual klonların yaradılması imkanının nə zaman olacağı və insanın ölümündən sonra özünün rəqəmsal analoqunun yarada biləcəyi imkanının olması sualı hər zaman maraq doğurub. Guardian saytının redaktoru Olivia Solon da bu suallara toxunub və aşkar edib ki, artıq 3 startap şəxsiyyətin rəqəmsal formada saxlanması texnologiyaları üzərində çalışır. Yaxın 30 ildə 3 milyard insan böyük İT şirkətlərin sayt və sosial şəbəkələrində öz rəqəmsal izlərini qoyaraq vəfat edəcəklər. Bu cür proqnozu Oksford İnstitutunun əməkdaşı Carl Öhman verib. Hələ 20-30 il öncə onun ixtisasını təsəvvür etmək çətin olardı. Belə ki, o, ölümdən sonra rəqəmsal həyatın etikasını araşdırır.
    O əmindir ki, gələcəkdə böyük korporasiyalar rəqəmsal irsdən mənfəət götürməyə çalışacaqlar. “Əgər vəfat etmiş insanların səhifələrinin saxlanması əlavə resursları tələb etsə, şirkətlər bunu hansısa üsulla mənfəətə çevirmək istəyəcəklər” – deyə Carl bildirib. Hələki insanların rəqəmsal kopyalarının yaradılması əsasən böyük olmayan startapları əhatə edir. Onlardan biri kimi süni zəka startapı olan Replika-nı misal gətirmək olar. Onun CEO-su Yevgeniya Kuyda-dır. Sözügedən layihə Kuyda-nın yaxın dostu Roman Mazurenko-nun vəfatından sonra yaranıb. Replika-nın təsisçisi Roman-ın dostları və yaxınlarından onun ismarışlarını neyroşəbəkəyə yükləməyi xahiş edib. Daha sonra o, bunun əsasında onun dostunu xatırladan çatbotu yaradıb.
    Kuyda-nın sözlərinə əsasən dostunun virtual avatarı daha vicdanlı olmaqda ona yardımçı olub. Kuyda öz dostunun virtual avatarına, digərlərinə danışa bilmədikləri şeyləri etibar edirdi. Replika-nın mobil tətbiqi də sonradan işıq üzü gördü. Lakin mobil tətbiqin ideyası bir qədər fərqlidir. Belə ki, şirkət istifadəçini daha yaxşı tanımaqla onun ən ideal söhbət yoldaşına çevrilən çatbot yaradır. Ölümdən sonra insanın rəqəmsal kopyasının saxlanması üzərində həmçinin Eter9 adlı startap da çalışır. Bu şirkət istifadəçini analiz edərək mütəmadi olaraq onun rəqəmsal kopyasını yaradan süni zəka əsasında çalışan sosial şəbəkə yaradır. Güman olunur ki, gələcəkdə istifadəçinin ölümündən sonra onun rəqəmsal kopyası yaşaya və hətta vəfat etmiş istifadəçinin adından fəaliyyət göstərə bilər.
    Adında “sonsuzluq” (eternity) sözünün şifrələndiyi daha bir layihə Eterni.me-dir. Bu sistem insanların sosial şəbəkələrdəki paylaşımlarını yığaraq mobil tətbiqdə insan şəxsiyyəti imitasiyasını yaradır. “Biz milyardlarla insanın ideyalarını, tarixlərini və xatirələrini sonsuzluqda saxlamaq istəyirik. Biz bir növ kitabxana yaradırıq. Lakin həmin kitabxanada kitabların yerində insanlar olur” – deyə Eterni.me layihəsinin təsvirində qeyd olunub. Müasir texnologiyalar süni zəka və böyük məlumatlar əsasında yalnız real insan imitasiyasını edən avatarların yaradılması imkanını verir.
    Bəzən çatbotun nitqində real insanın fikirləri və ideyaları əks oluna bilər. Lakin istənilən halda çatbot düşünə bilmir. Futuroloq Zoltan Istvan-ın fikrincə elm hələki insan şüurunun necə çalışdığını bilmir. Lakin beyin aktivliyini imitasiya etmək mümkündür. Çünki onun iş prinsipi avtomobilin iş prinsipinə bənzəyir. Gələcəkdə rəqəmsal kopyaları sosial şəbəkələrdəki məlumatların yığılması hesabına deyil neyrointerfeys sayəsində birbaşa insan beynindən məlumatların yığılması sayəsində yaratmaq olacaq. Məsələn buna bənzər neyrointerfeys üzərində Elon Musk-ın Neuralink adlı startapı çalışır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər