İnternet insan tanışlıqlarını və münasibətlərini necə dəyişdi?
Elm & Texnologiya
26.08.2018
Emil Nəcəfov
Tanışlıq üçün nəzərdə tutulmuş
saytlar və tətbiqlər indiki dövrdə yüksək məşhurluq qazanıblar. İnsanlar demək
olar ki, real həyatda tanışlıqdan imtina edib internetə üz tutublar. The Economist saytı internet dövründə tanışlıqlar ilə münasibətlərin necə dəyişdiklərini
və dating servislərinin potensial partnyor axtarışında olan insanlar üzərindən
necə vəsait qazandıqları barəsində məqalə yazıb. Həmin məqalənin qısaldılmış tərcüməsini
sizlərə təqdim edirik. Personal reklam uzun illər ərzində qəzet biznesinin əsas
məhsulu idi. İndi isə bu cür elanlar internetə keçid ediblər. Bu isə öz növbəsində
insanlar arasındakı münasibətlərə öz təsirini göstərdi. Məlumata əsasən əvvəllər
personal reklam ABŞ-dakı nikahların 1%-nə səbəb olurdu. Bugün isə ABŞ-dakı evli
şəxslərin 1/3 hissəsi tanışlıq saytlarında tanış olublar. Artıq 2010-cu ildə
internet, kilsələri, ofisləri, universitetləri və s. kimi yerləri keçərək
potensial partnyor axtarışı üçün əsas yerə çevrildi. Barlar və restoranlar öz əvvəlki
məşhurluqlarını itirdilər. Vəziyyət həmçinin eynicinsli cütlüklər üçün də dəyişdi.
Belə ki, bu cür münasibətlərin 70%-i məhz internetdə yaranır. “Bu, potensial
partnyor axtarışı prosesində böyük və misli görülməmiş bir addımdır” – deyə Nyu
Meksiko Universitetinin sosioloqlarından biri bildirib.
Tarix boyu həyat üçün
partnyor axtarışı insanların sinfi, cəmiyyətdə tutduqları yer və valideynlərin
hökmü özəlliklərinin ətrafında cərəyan edirdi. XIX-XX əsrlərdə bu özəlliklər
bir qədər zəiflədi (əsasən də qərbdə). Şəhər həyatı cavan insanların seçilməsi
prosesini daha da genişləndirdi. Bununla belə kəndlərdən köç etmiş insanların
qarşısında yeni bir problem dayandı: Səninlə kimin maraqlanıb-maraqlanmadığını
necə öyrənmək olar? 1995-ci ildə ABŞ-da Match.com adlı dating servisi yaradıldı
və bu servis həmin suala cavab verirdi. İlk öncə bu texnologiya homoseksuallar
və geek-lər arasında sürətlə yayıldı. Daha sonra isə getdikcə məşhurlaşdı.
İnsanlar daha çox internetdə tanış olmağa başladılar. 2010-cu ildən başlayaraq
bu cür servislər stolüstü kompüter və noutbooklardan mobil telefonlara keçdilər.
2013-cü ildə isə Tinder adlı məşhur startap çox rahat həll üsulunu təqdim etdi.
Belə ki, bu servis insanlara potensial partnyor seçimini bir barmaq hərəkəti ilə
(swype) etməyi təklif etdi. Bu ideya insanlar arasında yüksək məşhurluq
qazandı. Mobil cihazlar üçün olan bu cür servislər daha sürətli, özəl və
ictimaidirlər. Sürətli o mənada ki, onlardan istənilən an istifadə etmək olar və
onların vasitəsilə sizlərə yaxın ərazidə potensial partnyoru tapmaq olar. Daha
özəl o mənada ki, mobil telefon sizin şəxsi əşyanızdır və o həmişə sizin
yanınızda olur. Həmin səbəbə görə onlar həmdə ictimai xarakter daşıyırlar.
İndiki zamanda bir çoxları ictimai nəqliyyatda fotolara baxmağı, potensial
partnyorlar barəsində dostlarla dedi-qodu etməyi sevirlər. Vaxtı ikən görüşlər
müəyyən yer və zaman üzrə limitli olurdular. İndi isə bu limitlər yoxdur.
Online tanışlıqlar müxtəlif ölkələrdə necə qarşılanır? Hamı heç də online
tanışlıqları eyni şəkildə qarşılamır. Amerikalılar hamını geridə qoyurlar.
Almanlar isə bu işdə bir qədər geriləyiblər. Öz övladları üçün gələcək həyat
yoldaşlarını seçən ailələrin olduqları dövlətlərdə də bu cür servislər yüksək dərəcədə
məşhurdurlar. Çində tanışlıq servisləri arasında ən böyüklərindən biri olan
Tantan-ın CEO-su Yu Wang-un dediyinə görə Çində offline tanışlıq mədəniyyəti
ümumiyyətlə yoxdur. “Əgər siz küçədə tanımadığınız adama tanışlıq niyyəti ilə
yaxınlaşsanız, onda sizi alçaq hesa edəcəklər. Tantan-da isə rədd olunmaq təhlükəsi
yoxdur. Siz öz üzünüzü itirə bilmərsiniz. Bu ilin Fevral ayında servisdə 20
milyon istifadəçi var idi. Servis sayəsində 10 milyonlarla yeni cütlük yarandı.
O, cəmiyyətə ciddi şəkildə təsir edir.” – deyə Yu Wang bildirib. Təəssüflər
olsun ki, əhəmiyyətlilik səviyyəsini təyin və ya analiz etmək qeyri-mümkündür.
Şirkət yığdığı məlumatları çox nadir hallarda paylaşır. Bütün dünya üzrə
tanışlıq tətbiqlərinin bazarı 4.6 milyard dollar təşkil edir. İldən ilə bu
bazar daha da böyüyür və rəqabətcil olur. Tinder və ona bənzər digər biznesləri
idarə edən Match Group şirkətinin 2017-ci il üzrə gəliri 1.3 milyard dollar təşkil
etmişdi. Məhz bu qədər vəsaiti ABŞ-da qoruyucu satan şirkətlər əldə edirlər. Tinder-də
ödənişli istifadəçilərin sayı isə 3.8 milyondur.
Bazarda lider olaraq Tinder
qalsa da digərləri də geridə qalmamağa çalışırlar. Buna misal olaraq Tinder-in
keçmiş yaradıcılarından birinin təsis etdiyi Bumble şirkətini gətirmək olar.
Ona məşhur Badoo servisi aiddir. Facebook da bu mövzuda oyuna qoşulmağa
hazırlaşır. Tanışlıqlar üçün olan servislərin üstünlüklərini ən çox potensial
partnyor axtarışında çətinlik çəkən insanlar (fiziki və ya sosioliji izolasiya
səbəbilə) hiss edirlər. İnternet həmçinin eynicinsli partnyorların axtarış
prosesini də sadələşdirdi. Belə ki, bir çox ölkələrdə bu cür münasibətlər ya
qeyri-qanunidir yada sosial baxımdan yolverilməzdir. İndi isə bu daha təhlükəsiz
və rahatdır. İnternet, cinsi əlaqəyə və digər şeylərə ümumi və ya spesifik
baxış nöqtələri olan insan qruplarını birləşdirir. Belə ki, bir dəfəyə bir neçə
potensial partnyor tapmağa imkan verən saytlar da var. Elə saytlar var ki,
romantik partnyor olmadan uşağa qayğı göstərəcək kişi axtaran qadınlar üçün
saytlar da var. Həmçinin xristianlar, yəhudilər, müsəlmanlar və digər göstəricilərə
görə fərqlənən insanlar üçün servislər fəaliyyət göstərirlər. Bu imkanların
insanları nə dərəcədə xoşbəxt etdiklərini söyləmək isə qeyri-mümkündür.
“2013-cü
ildə Harvard və Çikaqo Universitetlərinin alimlərinin apardıqları tədqiqatlar nəticəsində
məlum oldu ki, intenetdə tanış olmuş cütlüklər real həyatda tanış olmuş cütlüklərdən
fərqli olaraq daha nadir hallarda ayrılırlar”. İnternetdə öz həyat yoldaşlarını
tapmış təqribi olaraq 1 milyon ABŞ sakini daha dözümlü və etibarlı münasibətlər
qurmağı bacarıblar. Həqiqətən də öz həyat yoldaşları ilə internetdə tanış olmuş
şəxslər yaxşı münasibət keyfiyyətindən xəbər veriblər. Bu cür yaranmış münasibətlərin
ailə həyatlarının ilk 1 ilindən sonrakı ayrılıq hadisələri isə aşağı düşüb.
Bundan əlavə olaraq məlumata əsasən internetdə yaranmış geteroseksual münasibətlər
sürətli şəkildə evliliyə yol açır. Hər şey məntiqlidir. Real həyatda biz müəyyən
mənada bizə bənzəyən insanlarla tanış oluruq. Məsələn bizim ortaq dostlarımız
var və ya eyni ofisdə çalışırıq. Lakin online şəkildə biz eyni maraqlara sahib
tanımadığımız insanlarla tanış oluruq. Bumble şirkətinin sosioloqunun fikrincə
bu daha önəmli xarakter daşıyır. Çox zaman internetdə insanlar eyni dini baxışlara
sahib potensial partnyorlar axtarırlar. Təhsil səviyyəsi və yaş da vacib rol
oynayır.
Miçiqan Universitetinin tədqiqatçıları ən böyük tanışlıq servislərindən
birindəki yazışmalar üzrə istifadəçilərin daha çox kimlərə üstünlük verdiklərini
təyin edə biliblər. “Əsasən 18 və ya daha yuxarı yaş qızlara yazırlar. Lakin
yaşın artması ilə onların saytlardakı cazibələri aşağı düşür. Kişilər ilə vəziyyət
daha fərqlidir. Onların cazibəliyi 50 yaşa kimi artır. 50 yaşdan yuxarı göstəricidə
isə bu özəllik azalır. Aspiranturanı bitirmiş kişilər qadınların arasında məşhurdurlar.
Dissertasiyanı müdafiə etmiş qızlar isə əksinə kişilərə o qədər də maraqlı
olmurlar” – deyə tədqiqatda bildirilib. Bütün bu ümumiləşdirmələr gözlənilən və
bir qədər kədərlidir. Bununla belə bu trenddir və istifadəçilərə konkret nəticələr
lazımdır. Əsas ideya insanla tanış olmaq deyil, düzgün insanı tapmaqdadır. Bir
çox istifadəçilər online dünyanın təqdim etdiyi geniş seçimlərə sevinsələr də,
mənfi cəhətlərini də hiss edirlər. The Economist saytı tərəfindən aparılmış
sorğuda iştirak etmiş insanlar bildiriblər ki, onlar servislərdəki fotolara
baxmaqdan və uğursuz görüşlərə getməkdən yorulublar. Bir çox insan özünü yalnız
hiss edir. İnternetdən qabaq tanışlıq sosial məşğuliyyət idi. İnsanlar öz dostları
ilə içmək və yaxşı zaman keçirtmək üçün barlara gedərdilər. İndi isə buna
ehtiyac yoxdur. Buna baxmayaraq yeni servislər öz istifadəçilərini xoşbəxt etmək
üçün üsullar axtarırlar.
Məsələn bu ilin İyun ayında Match Group şirkəti tərəfindən
alınmış məşhur Hinge adlı tətbiq qeydiyyat zamanı istifadəçilərdən 3 qısa suala
cavab verməyi tələb edir. Bu üsulla tətbiq potensial partnyorlara danışıq üçün
səbəb təqdim edir. Luna adlı tətbiq isə öz istifadəçilərini düzgün etiket
qaydaları müqabilində Stars adlı valyuta ilə mükafatlandırır. Həmin valyuta
vasitəsilə istifadəçilər digər məşhur istifadəçilərə mesaj göndərə, valyutanı
real pula çevirə və ya xeyriyyəçiliyə bağışlaya bilərlər. Servisin yaradıcıları
ümid edirlər ki, bu üsulla onların biznes məqsədləri istifadəçilərin özəl məqsədləri
ilə üst-üstə düşəcək. Bununla yanaşı digər problemlər də var. Məsələn Tantan
servisinin CEO-su qorxur ki, müştərilərin 5%-i ümumiyyətlə heç zaman potensial
partnyor tapa bilməyəcək. Baxmayaraq ki, onlar gün ərzində yetəri qədər istifadəçi
fotolarına baxırlar. “Tətbiqdəki kişilərə qadınların 60%-i xoş gəlir. Qadınlara
isə kişilərin yalnız 6%-i xoş gəlir. Ən az cəlbedən qadınlar ən yüksək cəlbedən
kişilərə göstərilən diqqəti əldə edirlər” – deyə servisin CEO-su bildirib.
Aşağı reytinqə sahib olan kişilər potensial partnyor tapa bilmirlər.
Saytın
statistikasına əsasən ümumilikdə qadınlar və kişilər özlərindən 25% daha cəlbedici
istifadəçilərə diqqət yetirirlər. Bu hətta ən az cəlbedici qadınlar üçün də
çalışır. Lakin ən az cəlbedici kişilər üçün isə heçnə çalışmır. Tantan
servisinin CEO-nun fikrincə yerdə qalan 5%-ə yardım etmək heç də asan olmayacaq.
Lakin o buna cəhd edəcək. Tantan, istifadəçilərin fotolarını, hesablarındakı məlumatları,
bioqrafiyalarındakı detalları, mesajları və s. kimi məlumatları öz alqoritminin
təkmilləşdirilməsi üçün istifadə edir. Beləliklə həmin alqoritm təkcə bir-birinə
simpatiya bəsləyən insanları deyil, həmdə ilk baxışdan maraqlı həmsöhbət
insanları da bir araya toplayacaq. “Beautiful Mind” filmində çox maraqlı bir səhnə
var. Riyaziyyatçı John Nash öz dostlarına bardan potensial partnyor ilə
ayrılmaq mövzusunda məsləhət verir. Hər bir oğlan qrupda olan ən az cazibəli
qızlara yaxınlaşmalıdır. Oğlanların hamısı ən cazibəli qızla birdən tanış
olmamalıdırlar. Əgər bütün oğlanlar birdən ən cazibəli qadına yaxınlaşıb ondan “yox”
cavabı alsalar, onda onlar əlavə variant kimi ən az cazibəli qadınlara
yaxınlaşacaqlar. Lakin həmin qadınlar da oğlanlara “yox” cavabı verəcəklər. Oyunlar nəzəriyyəsində Nash tarazlığının nə olduğunu bilənlər üçün filmdən olan bu səhnə
çox qıcıqlandırıcı gəlir.
Lakin həmin səhnə Tantan servisinin CEO-nu
ilhamlandırdı. Beləliklə o, bazardakı bütün məlumatları hər bir insan üçün
uyğun partnyorun təqdim olunmasında istifadə etməyi düşünür. Əgər o bunu etməyi
bacarsa Tantan çox böyük üstünlük əldə edəcək. Bəli, böyük üstünlüyü yüksək istifadəçi
kütləsinə sahib tətbiqlər əldə edirlər. Lakin bunu da dəyişmək olar. Bir çox
istifadəçilər bir neçə fərqli tətbiqdən istifadə edirlər. Əgər bir istifadəçi
görsə ki, hansısa tətbiq ona daha yaxşı partnyorlar təqdim edir, onda o, digər
tətbiqlərdən istifadəni dayandıracaq və uğurlu tətbiq barəsində öz dostlarına
danışacaq. Romantikanı rəqəmlərin hesablanmasına aid etmək bir qədər nankorluq
hesab oluna bilər. Lakin insan nöqteyi nəzərdən qəliz görünən fenomenlərə bitərəfli
məlumatlar prizmasından baxanda onlar sadə görünürlər. Əsas olan bunu yaxşı edə
biləcək məlumatları aşkar etməkdir. Bu barədə isə şirkətlər rəqabət aparmalı
olacaqlar. Bu nə olacaq? İlk görüşdə ürək döyüntülərini təyin etməyi bacaran
ağıllı saat? İlk görüş zamanı keçirilmiş vaxtın miqdarı? Evə qayıdan zaman buraxılmış
metro stansiyaları? Bunun nə olacağından asılı olmayaraq sevgi hər zaman sözlə
ifadə edilməsi mümkün olmayan bir hiss olaraq qalacaq və onun yolunda bir çox çətinliklər
olacaq. Lakin bir anlığa təsəvvür edin ki, bu yolda istiqamətlənmənin sadələşməsi
nəticəsində nə qədər insan xoşbəxt ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!