main-post-cover

    İnternetdə müəllif hüquqları - hara müraciət etmək olar?

    04.06.2017
    Farid Pardashunas
    Bu məqalədə günümüzdə ən çox yayılan oğurluq növündən və ona qarşı mübarizə üsullarından danışacağıq. Özünüz də dəfələrlə Facebook-da başqa səhifənin şəkilini götürüb öz logosunu yapışdıran “ağıllı” adminləri görmüsüz. Eyni zamanda saytın birindən xəbəri oğurlayıb öz saytında istinad vermədən yerləşdirən Xəbər portallarını da görmüsünüz. Müəllif əziyyət çəkir xəbər yazır və ya tərcümə edir, “iş” saytda paylaşılır. Yarım saat sonra isə başqa bir sayt bu məqaləni özündə icazəsiz paylaşıb, istinad vermədən, utanmadan və qızarmadan “BOLŞOY nyus Xəbər verir:” cümləsini yerləşdirərək məqaləni mənimsəyir. Çox vaxt bu oğurluğu botlar edir. Məşhur saytların RSS bölməsindən xəbərləri çəkir, bəzən mətni biraz modifikasiya edir və sonra özündə paylaşır.
    Xəbəri olmayanlara bildirim ki, "Google" özü bu cür hallarla mübarizə aparır və oğurluq etmiş saytı yavaş-yavaş nəticələrdə aşağı düşürdür. Bəzi hallarda isə ümumiyyətlə qara siyahıya əlavə edib “yola salır”. Amma bilirsiz? "Google" ilə bizim aramız çox soyuqdur - dilimizi bilmir, özümüzü anlamır. Ona görədə hüquqlarımızı qorumaqda çətinlik çəkir. Yaxşı, bəs onda əziyyətin müəllifləri nə etməlidirlər? Heç kəs hər yazdığı məqaləyə, paylaşdığı posta və ya çəkdiyi şəkilə görə gedib müəllif hüququ alıb oğurluq edən tərəflə məhkəmədə görüşən deyil. Məsələ hüquq almaqda deyil. Dövlət rüsumu o qədər də baha deyil. Məsələ vaxt sərfiyyatındadır. Bir balaca postu müdafiə etmək üçün məhkəməyə müraciət etmək vaxt baxımından sərfəli deyil. Bəs nə edəsən? Axı əziyyət çəkilib, oğurlanılıb, bəhrəsini də oğru yeyir.
    "Google" bunun üçündə həll yaradıb. Saytınız mütləq şəkildə axtarışda qeydiyyatdan keçməlidir. Və sizə verilmiş olan Search Console-da belə bir imkan var - Copyright Removal. Hər şey çox sadədir. Formanı doldurursunuz. Səhifələr yoxlanılır və nəticədə oğurluq etmiş tərəf cəzasını çəkir. Çox vaxt cəza dedikdə şikayət olunan saytın ümumiyyətlə axtarışdan yox olması nəzərdə tutulur. Bu hallar üçün eyniylə FacebookdaYoutubeda da şikayət imkanları yaradılmışdır. Amma bütün servislər məsləhət görür ki, ilkin olaraq zərərçəkmiş tərəf oğurluq edən tərəflə birbaşa əlaqəya keçsin və problemi sülh yolu ilə həll etsin. Yeri gəlmişkən materiallarda istinad (link) verdikdə istinad olunan mənbə daha önə çəkilmiş olur. Və nəticədə mənbə axtarış sistemlərində daha öndə olur və hər iki tərəf xeyir qazanır.
    Son olaraq deyim ki, çalışın həmişə orijinal kontent yazın. Bu həm servislər həmdə ki istifadəçilər tərəfindən “alqışlanılan” hərəkətdir. Hərkəs fərqli baxış bucağı, fərqli cümlələr, maraqlı məhsul görmək istəyir. Əziyyət çəkin - bəhrəsini görəcəksiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər