main-post-cover

    iPhone 9-un (iPhone SE 2) ilk keyfiyyətli render fotoları təqdim olundu

    Elm & Texnologiya
    08.01.2020
    Emil Nəcəfov
        OnLeaks ləqəbi ilə tanınan məşhur insayder çoxdan gözlənilən iPhone SE davamçısının ilk keyfiyyətli fotolarını təqdim edib. Gözlənildiyi kimi yeni smartfon modeli iPhone 9 adlanacaq və artıq bu ilin yaz fəslində təqdim olunacaq. Bu barədə iGeeksblog saytı xəbər verib. Məşhur analitik Ming-Chi Kuo-nun daha öncədən də vermiş olduğu məlumata əsasən iPhone 9 modeli xarici görünüşcə iPhone 8-ə bənzəyəcək. Heç istisna deyil ki, smartfon iPhone SE 2 adını əldə etsin.
        OnLeaks ləqəbli insayderin təqdim etmiş olduğu render fotolardan da görmək olar ki, smartfon 4.7 düym IPS ekran və aşağı/yuxarı hissələrdən qalın çərçivələr ilə təchiz olunacaq. Bununla yanaşı smartfonun aşağı hissəsində hamıya çox yaxşı tanış olan fiziki Home düyməsi yerləşdiriləcək. Həmin Home düyməsinə Touch ID texnologiyasının inteqrasiya olunacağı gözlənilir. Smartfonun arxa panelində bir ədəd kamera modulu yerləşdirilib. Heç istisna deyil ki, smartfonun arxa paneli şüşə material ilə əhatə olunacaq.
        İnsayderin verdiyi məlumata əsasən iPhone 9-un ölçüləri 138.5 x 67.4 x 7.8 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 8-in ölçüləri 138.4 x 67.3 x 7.3 mm təşkil edir. Yəni iPhone 8-in ölçüləri daha kiçikdir. Bu baxımdan iPhone 9-un ölçülərinin böyüdülməsinin əsas səbəbi məlum deyil. Gözləntilərə əsasən iPhone 9 modeli A13 prosessoru, 3 GB RAM, 64 və ya 128 GB daxili yaddaş ilə təchiz olunacaq. İlkin məlumatlara əsasən smartfon mart ayında təqdim oluna bilər. 
    Linki kopyala