
İqlim dəyişikliyi əhalinin sıx məskunlaşdığı regionları 2100-cü ilə qədər yararsız hala sala bilər
Elm & Texnologiya
07.02.2025
Emil
Qlobal istiləşmə sürətlə planetimizə təsir göstərməyə davam edir. İqlimşünaslar hesab edirlər ki, bu prosesi artıq dayandırmaq mümkün deyil və insanlığın ətraf mühiti dəyişdirmək üçün çox məhdud imkanları var. Biz həddindən artıq çox parnik qazları ifraz edirik və əvvəllər açıqlanmış ekoloji təsirin azaldılması planları hələ reallaşmaqdan çox uzaqdır. Alimlər iqlim dəyişikliyinin bütün nəticələrini dəqiq proqnozlaşdıra bilməsələr də, artıq verilən bəzi proqnozlar belə ciddi narahatlıq doğurur.
Təxmin edilir ki, 2100-cü ilə qədər Yer kürəsinin görünüşü əhəmiyyətli dərəcədə dəyişəcək. Bunun əsas səbəbi buzlaqların əriməsidir. Çünki bunun nəticəsində dünya okeanının səviyyəsinin qalxması bütöv bölgələrin su altında qalmasına gətirib çıxaracaq. Son 20 ildə buzlaqların ərimə sürəti dəfələrlə artıb və nəticədə bəzi ölkələr tamamilə yox ola bilər. Xüsusilə bu təhlükə Avropa, Atlantik və Sakit okean adalarına aiddir. Yaponiya, Böyük Britaniya və hazırda sıx məskunlaşmış bir çox digər ölkələr su altında qala bilər.

Gələcəkdə insanlığı qlobal təbii fəlakətlər gözləyir və artıq yaxın illərdə 100 milyonlarla insan iqlim dəyişikliyinin çətin sınaqlarına məruz qalacaq. Məsələ ondadır ki, planetdə orta temperatur göstəricisi artır və ekstremal isti hava şəraiti ölümcül nəticələrə səbəb ola bilər. Mövcud məlumatlara görə, əgər qlobal orta temperatur göstəricisi cəmi 2 dərəcə Selsi artsa, bu, ABŞ ərazisinə bərabər olan nəhəng bir bölgədə son dərəcə təhlükəli hava şəraitinin yaranmasına gətirib çıxaracaq.
Belə bir vəziyyət hətta gənc və sağlam insanlar üçün ciddi təhlükə yarada bilər. Tədqiqatçılar bildirirlər ki, hər il iqlim anomaliyaları daha dağıdıcı xarakter alır. Araşdırmalar təsdiq edir ki, ölümcül istilər getdikcə daha çox faciələrə səbəb olur. Məsələn, 2023-cü ildə Səudiyyə Ərəbistanında həcc ziyarəti zamanı temperatur 51.8 dərəcə Selsiyə çatıb və nəticədə 1300-dən çox insan həyatını itirib. Nature Reviews Earth and Environment jurnalında dərc olunmuş yeni tədqiqat göstərir ki, ekstremal istilər qarşısında ən həssas bölgələr Şimali Afrika və Cənubi Asiya olaraq qalır.

Bədən temperaturu 6 saat ərzində 42 dərəcə Selsiyə çatdıqda insan həyatı ciddi təhlükə altına düşür. 1994-2023-cü illər arasında aparılmış məlumat təhlili narahatedici tendensiyanı ortaya çıxarıb. Artıq təhlükəli istilər quru ərazilərinin təxminən 2%-nə təsir edib. 60 yaşdan yuxarı insanlar üçün bu göstərici 20%-ə çatır. Bu fakt iqlim dəyişikliyinin ilk növbədə yaşlı insanlara təhlükə yaratdığını vurğulayır, çünki onların orqanizmi həddindən artıq istiyə daha az davamlıdır.
Araşdırmanın aparıcı müəllifi Tom Matthews qeyd edib ki, Yer kürəsində temperaturun 2 dərəcə Selsi yüksəlməsi fəlakətli nəticələrə gətirib çıxara bilər. Paris İqlim Sazişi (COP) qlobal istiləşməni 2 dərəcə Selsidən xeyli aşağı səviyyədə saxlamağı hədəfləyir. Lakin artıq bu gün orta illik temperatur ilk dəfə 20-ci əsrin əvvəli ilə müqayisədə 1.5 dərəcə artıb. Əgər bəşəriyyət ciddi tədbirlər görməzsə, qlobal istiləşmə davam etdikcə təhlükəli istilərin təsir etdiyi ərazi üç dəfə artaraq quru səthinin 6%-ni əhatə edəcək.

Bu zaman bütün quru ərazilərinin 1/3 hissəsi yaşlı insanlar üçün ölümcül dərəcədə təhlükəli olacaq. Ekstremal istilər zamanı hətta gənc və fiziki cəhətdən sağlam insanlar belə kölgədə, küləkli havada qalsalar və yetərli miqdarda su içsələr belə, günvurma (istivurma) təhlükəsi ilə üzləşə bilərlər. Yuxarıda qeyd edildiyi kimi, qızmar istilərlə yanaşı, qlobal istiləşmə dünya okeanının səviyyəsinin qalxmasına da səbəb olacaq.
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (IPCC) məlumatlarına görə, əgər parnik qazlarının emissiyası azaldılmasa, 2100-cü ilə qədər okean səviyyəsi 1 metr qalxa bilər. Bu isə göstərilən digər təhlükələrdən daha ciddi fəsadlara gətirib çıxara bilər. Nyu-York, Şanxay və Mumbay da daxil olmaqla bir çox sahilyanı şəhərin su altında qalması ehtimalı istisna edilmir. Alçaq ərazilərdə yaşayan milyonlarla insan artıq 2050-ci ilə qədər təhlükə ilə üzləşəcək.

İsti hava stresi bədənin təbii soyuma mexanizmini aşırı yükləyir, bu da baş gicəllənməsi, ürəkbulanma, orqan çatışmazlığı və hətta ölümlə nəticələnə bilər. Xüsusilə yüksək temperatur və rütubətin birlikdə olması daha təhlükəlidir, çünki bu halda tər buxarlana və bədən isə özünü soyuda bilmir. Bəşəriyyət artıq ölümcül istilərin təsirini hiss edir, xüsusilə də əvvəllər yay temperaturunun heç vaxt 25-30 dərəcədən yuxarı qalxmadığı bölgələrdə.
Hindistan və Pakistanda rekord istilər minlərlə insanın həyatına son qoyub və gələcək daha da qorxunc görünür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qiymətləndirməsinə görə, anormal istilər hər il ən azı yarım milyon insanın ölümünə səbəb olur. Lakin real rəqəmlər daha yüksək ola bilər, xüsusilə də istidən ölüm halları sistematik olaraq qeydə alınmayan ölkələrdə. İqlimin sürətlə dəyişdiyi bir şəraitdə təcili tədbirlərin görülməsi həyati əhəmiyyət daşıyır. Ekspertlər dünya hökumətlərini istiliyə uyğunlaşma strategiyalarının sürətlə həyata keçirilməsinə çağırırlar. Bunlara daxildir:
- İnsanları həddindən artıq istidən qoruyacaq infrastrukturun inkişaf etdirilməsi
- Parnik qazlarının emissiyasının azaldılması.
Təəssüf ki, problemin həllini tapmaq və ortaq razılığa gəlmək əvəzinə, ABŞ əvvəlcədən imzaladığı iqlim sazişlərindən çıxır və parnik qazlarının azaldılması ilə bağlı öhdəlikləri qəbul etməkdən imtina edir.
Mənbə: Nature
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
2024-cü il tarix ərzində müşahidə edilmiş ən isti il olub
Avropa Birliyinin Copernicus adlı iqlim dəyişikliyi xidmətinin hesabatına əsasən sənaye dövründən əvvəlki zamanla müqayisədə 2024-cü il ərzində planetdəki qlobal temperatur göstəricisi ilk dəfə 1.5 dərəcə Selsini keçib.

Digər
İqlim böhranı dərinləşir: 2024-cü ildə rekord temperatur göstəriciləri qeydə alınıb!
2024-cü ilin rekord temperaturları və ekstremal hava hadisələri bütün dünyada öz təsirini göstərib. World Weather Attribution (WWA) təşkilatının yeni hesabatı, iqlim dəyişikliyinin səbəb olduğu itkiləri göz önünə sərib.

Elm & Texnologiya
Qlobal istiləşmənin sürəti artmaqda davam edir
Günümüzdə alimlər dayanmadan iqlim böhranı barəsində danışırlar və xəbərdarlıq edirlər ki, bu vəziyyətin nəticələri təkcə insanlar üçün deyil, bütün canlılar üçün olduqca ağır olacaq. Lakin Yer kürəsi hansı sürətlə qızır?

Elm & Texnologiya
Bu ilin oktyabr ayı tarix ərzində müşahidə edilmiş ikinci ən isti oktyabr ayı olub
Alimlər təyin ediblər ki, bu ilin oktyabr ayı tarix ərzində müşahidə edilmiş ikinci ən isti oktyabr ayı olub. Belə ki, keçən ay ortalama temperatur göstəricisi 15.32 dərəcə Selsi təşkil edib.

Elm & Texnologiya
Planetdə temperatur daha öncə gözlənildiyindən iki dəfə daha çox artacaq
Mütəxəssislərin fikirlərinə əsasən planetimizdə müşahidə edilən qlobal istiləşmə əvvəlki proqnozlardan iki dəfə daha pis olacaq. Burdan da belə qənaətə gəlmək olar ki, Yer kürəsi faciəvi səviyyədə istiləşmə yolunda hərəkət edir.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
