
İsraildə tənəffüs əsasında şəxsiyyətin təyini sistemi hazırlanıb
Elm & Texnologiya
13.06.2025
Emil
Alimlər uzun müddətdir ki, insanın nəfəs ritminin unikal olduğunu ehtimal edirdilər, lakin yalnız bir sıra yeni təcrübələr bunun nə dərəcədə doğru olduğunu sübut edə bildi. Bu məqsədlə İsraildən olan tədqiqatçılar nəfəsi sol və sağ burun dəliyi üzrə ayrı-ayrılıqda qeydə alan geyilə bilən sensor hazırlayıblar. Gündəlik məlumatların yazılmasından sonra sistem tənəffüs ritmi əsasında şəxsi 96.8% dəqiqliklə identifikasiya edə bilib. Lakin ən maraqlısı budur ki, təklif olunan bu üsul beyin aktivliyi haqqında da məlumat toplayaraq müxtəlif xəstəliklərin diaqnostikasına imkan verir. “Tənəffüs prosesi artıq hər tərəfli ölçülüb və təhlil edilib deyə bilərdik. Lakin biz tənəffüsün öyrənilməsi üçün tamamilə yeni bir üsula rast gəldik. Biz bunu beynin siqnallarının oxunması kimi dəyərləndiririk” - deyə Veytsman Elmlər İnstitutunun neyroalimlərindən olan Noam Sobel izah edib.

Nəfəs alma prosesi beyində bir neçə sahə tərəfindən idarə olunur və bu proses həm refleks səviyyəsində (şüursuz şəkildə), həm də insanın istəyi ilə həyata keçirilir. Eyni zamanda nəfəs alma orqanizmin vəziyyətinin - istər sağlamlıqda, istərsə də xəstəlikdə - bir növ əksidir. Alimlər 100 könüllüyə 24 saat ərzində nəfəs parametrlərini qeyd etməyi təklif etdilər. Daha sonra bu məlumatlar BreathMetrics adlı standart tibbi diaqnostika sistemi vasitəsilə təhlil olundu. Adətən klinikalarda tənəffüs məlumatları yarım saatdan çox qeydə alınmır və bu məlumatlar 24 parametr üzrə təhlil edilir. Lakin sutkalıq qeydlər diaqnostikanı təkmilləşdirmək və hətta yeni müalicə üsullarının hazırlanması üçün istifadə oluna biləcək bir çox incəlikləri üzə çıxardı.

Birincisi, “tənəffüs izinə” əsaslanan şəxsiyyətin identifikasiyası demək olar ki, 100%-ə yaxın nəticə göstərdi. Həmçinin, tənəffüs məlumatları əsasında pasientlərin bədən kütlə indeksi müəyyən olundu və - tədqiqatın ilkin məqsədlərinə daxil olmasa da - tənəffüs ritmləri ilə iştirakçıların təşviş halları arasında əlaqə aşkarlandı. Tənəffüsün öyrənilməsində növbəti addım bu sensorların və üsulların klinik diaqnostikada tətbiqi olacaq. “Biz öyrənə bilərik ki, müəyyən tənəffüs modelləri müxtəlif xəstəliklərin inkişafını necə proqnozlaşdıra bilir. Lakin, təbii ki, gələcəkdə biz araşdıracağıq ki, tənəffüs modellərini dəyişdirərək bu xəstəlikləri müalicə etmək mümkün olub-olmadığını da öyrənək” - deyə alimlər qeyd ediblər.

Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
