main-post-cover

    İsrailli alimlər iflic insanlar üçün innovasiyalı onurğa beyni implantı yaradıblar

    Elm & Texnologiya
    08.02.2022
    Emil Nəcəfov
        İsrailli tədqiqatçılar tərəfindən yaradılmış onurğa beyni implantı iflic siçanlar üzərində test edilib və testlər 80%-lik uğura sahib olublar. Belə ki, onurğa beyni implantı sayəsində siçanlar hərəkət etmə bacarıqlarını bərpa ediblər. Qeyd etmək lazımdır ki, 3D implantlar insan hüceyrələrindən hazırlanıb. Tel-Əviv Universitetinin Sagol Regenerativ Biotexnologiyalar Mərkəzinin alimləri bildiriblər ki, bunun sayəsində hər bir insan üçün individual onurğa beyni implantını yaratmaq mümkün olacaq və onlar orqanizm tərəfindən rədd edilməyəcəklər. Alimlər pasientlərin toxuma nümunələrini insan embironlarındakı onurğa beyni inkişafının prosesinə bənzər digər proses vasitəsilə funksional onurğa beyni implantına çevirə biliblər.
        Yaradılmış implantların insanlar üzərində testlərinə hələ start verilməyib. Buna baxmayaraq mütəxəssislər ümid edirlər ki, onlar sözügedən implantları iflic insanlara inteqrasiya edə biləcəklər. Bunun sayəsində həmin insanlar ayaqüstə dura və gəzə biləcəklər. Yaradılmış implantların test olunduqları heyvanlar sürətli reabilitasiya prosesindən keçə biliblər. Reabilitasiya prosesinin sonunda həmin heyvanlar rahat şəkildə gəzməyə başlayıblar. Bu, dünyada ilk haldır ki, insanların toxumaları vasitəsilə yaradılmış implantların heyvanlara inteqrasiyası uzunmüddətli xroniki iflicdən əziyyət çəkmiş həmin heyvanların sağalmalarına gətirib çıxardıb.
        Dünyada milyonlarla insan onurğa sütununun zədələnməsi səbəbilə iflic vəziyyətdə yaşayır. Onlar üçün hələ də effektiv müalicə üsulu mövcud deyil. Məlumatda qeyd edilib ki, bu yeni texnologiya pasientin qarın hissəsindən götürülmüş yağ toxumalarına əsaslanır. Daha sonra alimlər götürülmüş yağ toxumalarını genetik mühəndislik sayəsində dəyişiblər. Nəticədə yağ toxumaları embrional kök hüceyrələrinə bənzər vəziyyətə geri dönüş ediblər. Tədqiqatçılar bildiriblər ki, insan hüceyrələri vasitəsilə yaradılmış 3D implantlar 80% ehtimalda iflic siçanların yenidən gəzmələrinə nail olublar. Hal hazırda mütəxəssislər bu texnologiyanın insanlar üzərində testlərinə hazırlaşırlar.
    Linki kopyala