Jared Isaacman NASA-nı xilas edə biləcəkmi?
Elm & Texnologiya
30.12.2025
Sevinc
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, NASA uzun müddət davam edən qeyri-müəyyənlikdən sonra nəhayət yeni rəhbərini əldə edib. ABŞ Senatı dekabrın 17-də milyarder sahibkar Jared Isaacmanın NASA-nın yeni administratoru təyin olunmasını təsdiqləyib. Bu qərar agentliyin çətin bir dövrdən keçdiyi vaxta təsadüf edir. Son bir il ərzində, Donald Trump administrasiyasının büdcə ixtisarları nəticəsində NASA-da təxminən 4 min əməkdaş işdən ayrılıb.
Isaacman sahibkarlıq fəaliyyəti ilə yanaşı, hərbi pilot təcrübəsinə və iki dəfə kosmosa uçuş tarixçəsinə malikdir. O, Inspiration4 və Polaris Dawn adlı özəl missiyalarda iştirak edib, bu uçuşlardan biri zamanı isə kommersiya məqsədli ilk açıq kosmik yürüşü həyata keçirib. Bundan əlavə, Apollo proqramından sonra Yer kürəsindən ən uzağa gedən insanlardan biri olub. Buna baxmayaraq, NASA-nın gələcəyi ilə bağlı narahatlıqlar qalmaqdadır. Isaacman-in namizədliyi zamanı hazırladığı və “Project Athena” adlanan 62 səhifəlik strategiya sənədi bəzi keçmiş NASA rəsmiləri tərəfindən tənqid edilib. Sənəddə NASA-nın dövlət tərəfindən maliyyələşdirilən iqlim elmi fəaliyyətlərindən çəkilməsi və bəzi tədqiqat mərkəzlərinin, o cümlədən məşhur Jet Propulsion Laboratory-nin effektivliyinin yenidən qiymətləndirilməsi təklif olunurdu.
Isaacman Senatdakı çıxışı zamanı bu sənədin ümumi istiqamətini hələ də düzgün hesab etdiyini desə də, özünü “elmə qarşı” biri kimi təqdim edilməsindən narazılığını bildirib. O, həmçinin NASA-nın elmi büdcəsinin kəskin şəkildə azaldılmasına qarşı olduğunu açıqlayıb və bu addımın optimal nəticə verməyəcəyini vurğulayıb.
Ekspertlər bildirir ki, Isaacman klassik bürokratlardan fərqli yanaşmaya malikdir və bu, həm islahatlara yol aça, həm də siyasi çətinliklər yarada bilər. Digər tərəfdən, NASA-nın gələcəyi təkcə administratorun qərarlarından asılı deyil. Ağ Evin Büdcə və İdarəetmə Ofisinin (OMB) qərarları nəticəsində agentlik 2025-ci ildə əvvəlki illərlə müqayisədə 25 faiz daha az yeni qrant ayırıb.
Paylaş