JAXA Fobosdan nümunə gətirmək üçün MMX missiyasını kosmosa göndərdi
Elm & Texnologiya
20.10.2026
Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi “JAXA” Taneqasima Kosmik Mərkəzindən “Martian Moons eXploration” adlı “MMX” missiyasını uğurla kosmosa göndərib. Aparat Marsın Fobos və Deymos peyklərini araşdıracaq. O, Fobosdan nümunə götürüb Yerə qaytarmağa çalışacaq. Missiya uğurlu olsa, Ay xaricində başqa bir təbii peykdən Yerə ilk dəfə nümunə gətiriləcək.
Təxminən 10 aylıq uçuşdan sonra aparatın 2027-ci ilin avqustunda Marsa çatması planlaşdırılır. “MMX” Fobosu 3 ilə yaxın araşdıracaq, Deymosu isə enmədən müşahidə edəcək. Aparat 2030-cu ilin noyabrında Mars sistemindən ayrılmalı, nümunələr də 2031-ci ilin iyulunda Yerə çatmalıdır.
Alimlər Fobos və Deymosun necə yarandığını hələ də dəqiq bilmirlər. Ehtimallardan birinə görə, bunlar Marsın cazibə qüvvəsinin özünə çəkdiyi asteroidlərdir. Digər ehtimala görə, peyklər Marsın böyük göy cismi ilə toqquşmasından sonra orbitə yayılan qalıqlardan yaranıb. “MEGANE” cihazı Fobosdan gələn neytron və qamma şüalarını ölçəcək. Bununla alimlər peykin səthində hansı elementlərin olduğunu müəyyənləşdirməyə çalışacaqlar.
“MMX” əvvəlcə kiçik roveri Fobosun səthinə endirəcək. Rover uyğun eniş yerlərini yaxından araşdıracaq. Daha sonra əsas aparat ən azı 1 dəfə enəcək. Şərait uyğun olsa, fərqli nöqtədən nümunə toplamaq üçün 2-ci eniş də sınanacaq. Missiyada ehtiyat üçün 2 ayrı nümunə toplama üsulu işlədiləcək. Məqsəd ən azı 10 qram material toplamaqdır.
Alimlərin hesablamasına görə, nümunənin təxminən 1%-i Mars mənşəli ola bilər. Marsdan qopan toz və süxur parçalarının Fobosun səthinə düşdüyü düşünülür. Bu material planetin milyardlarla il ərzində necə dəyişdiyini və keçmişdə həyat üçün uyğun olub-olmadığını anlamağa kömək edə bilər. “NASA”nın “Mars Sample Return” layihəsi yanvarda faktiki dayandırıldığı üçün bu ehtimal missiyanın əhəmiyyətini daha da artırır.
1980-ci illərdən bəri Fobosa göndərilən 3 Rusiya zondu uğursuz olub. “JAXA” 2010-cu ildə “Hayabusa” ilə İtokava asteroidindən, 2020-ci ildə isə “Hayabusa2” ilə Ryuqu asteroidindən götürülən nümunələri Yerə çatdırıb. Həmin missiyalarda çalışan mütəxəssislərin bir hissəsi “MMX” layihəsinin hazırlanmasına da qoşulub. Missiyada “NASA”, Avropa Kosmik Agentliyi, Almaniya və Fransanın kosmik qurumları iştirak edir.
Missiya gələcək insan uçuşları üçün vacib olan bir sıra texnologiyaları da sınaqdan keçirəcək. Bunlara Marsa gediş-gəliş, robotla nümunə toplamaq və uzaq kosmosdan əlaqə saxlamaq daxildir. Bununla belə, “MMX” 2031-ci ildə Mars sistemindən qayıdan ilk aparat olmaya bilər. Çinin 2028-ci ildə buraxmağı planlaşdırdığı “Tianwen-3” missiyası da Marsdan götürülən nümunələri 2031-ci ildə Yerə çatdırmağı hədəfləyir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar