
Litium-ion batareyaların yaradıcısı John Goodenough 100 yaşında vəfat edib
Elm & Texnologiya
28.06.2023
Emil
Smartfonlarda, noutbuklarda və hətta elektromobillərdə geniş istifadə edilən litium-ion batareyaların yaradıcısı kimi bilinən John Goodenough 100 yaşında vəfat edib. Alimlər litium-ion batareyalar barəsində araşdırmaları daha əvvəllər də ediblər. Lakin bu növ batareyalarda innovativ həll məhz John Goodenough tərəfindən 1980-ci ildə ixtira edilmişdi. Həmin vaxt o, Oksford Universitetində çalışırdı. 1980-ci ildə John Goodenough litium oksid və kobaltdan təşklil edilmiş laylara sahib katod hazırlamışdı. Bu isə öz növbəsində yüksək elektrik gərginliyini və lazımi təhlükəsizlik səviyyəsini təmin etmişdi.
Nəticədə litium-ion batareyalar qurğuşun-turş (avtomobillərdə istifadə edilir) və nikel-kadmium (portativ elektron cihazlarda istifadə edilir) batareyalardan enerji tutumu baxımından daha böyük həcmə sahib oldular. Lakin Akira Yoshino adlı mütəxəssis litium-ion batareyada emal edilməmiş litiumu onun daha təhlükəsiz ionu ilə əvəz etməmiş bu növ batareya geniş şəkildə yayılmadı. Akira Yoshino öz növbəsində Asahi Kasei adlı şirkət üçün yeni növ batareya layihəsini hazırladı və nəticədə 1991-ci ildə Sony şirkəti litium-ion batareyaların istehsalını yoluna qoya bildi. Litium-ion batareyaların hesabına bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışa bilən kompakt ölçülü telefonların və noutbukların hazırlanması mümkün oldu.
Hal hazırda litium-ion batareyalar həmçinin elektromobillərdə də istifadə edilir. John Goodenough-ın nailiyyətləri təkcə litium-ion batareyalar ilə məhdudlaşmır. Belə ki, o, Massaçusets Texnologiya İnstitutunda çalışan zaman kompüterlər üçün RAM yaddaşlarını hazırlamağa imkan verən texnologiyanın yaradılmasında iştirak edib. John Goodenough 90 yaşına kimi çalışmağa davam edib və öz fəaliyyətinin son illərini yeni nəsil batareya texnologiyasının yaradılmasına həsr edib. Qeyd etmək lazımdır ki, 2019-cu ildə o, kimya üzrə Nobel mükafatına layiq görülmüşdü.
Paylaş
Bənzər xəbərlər