Logo
    main-post-cover

    MediaTek 9400 flaqman prosessoru təqdim edilib

    Elm & Texnologiya
    09.10.2024
    Emil
         MediaTek şirkəti öz yeni flaqman prosessoru olan Dimensity 9400-ü rəsmi şəkildə təqdim edib. Beləliklə Dimensity 9400 prosessoru 3 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o özündə 8 nüvəni birləşdirir. Nüvələr prosessor tərkibində “1+3+4” şəklində paylanıb. Yəni Dimensity 9400 özündə 3.62 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X925 nüvəsini, 3.3 GHz tezlikdə çalışan 3 ədəd Cortex-X4 nüvəsini və 2.4 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A20 nüvəsini birləşdirir. MediaTek bildirib ki, Geekbench 6.2 bençmarkının bir nüvəli testi çərçivəsində yeni prosessor keçən ilki Dimensity 9300-dən 35%, çox nüvəli testi çərçivəsində isə 28% daha güclüdür. Bununla belə Dimensity 9300 ilə müqayisədə yeni prosessorun enerji effektivliyi 40% daha yüksəkdir.
         Dimensity 9400-də qrafik imkanlardan 12 nüvəli Immortalis-G925 qrafik çipi cavabdehdir. Prosessorun əldə etmiş olduğu neyron çipi (NPU) Dimensity 9300-ün neyron çipindən 35% daha sürətlə çalışır. Prosessorda olan yeni nəsil 5G modem öz növbəsində saniyədə 7 Gbit-ə kimi sürəti təmin edir. Dimensity 9400 prosessoru 180 Hz-ə kimi təsvir yenilənməsinə sahib ekranları, kameralar üçün Generative AI Super-Zoom adlı süni zəka funksiyasını, saniyədə 60 kadr sürətlə 8K keyfiyyətli videoların çəkiliş imkanını və LPDDR5x standartlı RAM yaddaşlarını dəstəkləyir. MediaTek Dimensity 9400-ə sahib ilk smartfonlar artıq çox yaxında təqdim olunacaqlar.
    Paylaş