main-post-cover

    Məsləhətli App #11: 'Foursquare' - Ən yaxşı şəhər bələdçisi (İCMAL)

    03.08.2017
    Vüsal Heydərov
    2009-cu ildə Dennis Crowley Naveen Selvadural tərəfindən qurulan Foursquare qısa bir müddət ərzində dünya miqyasında böyük məşhurluq qazandı. Hal-hazırda Facebook, WhatsApp, YouTube və buna bənzər digər məşhur tətbiqlər kimi demək olar ki, bütün smartfonlarda istifadə olunan Foursquare tətbiqi nədir? və necə istifadə olunur? - Tanış olaq.
    Foursquare nədir?
    Foursquare olduğunuz yeri təyin edərək sizə yaxın ərazilərdə hansı faydalı məkanların olduğunu görə bildiyiniz bir sosial şəbəkə olaraq uzun illərdir ki, mobil platformada öz məşhurluğunu qoruyub saxlayır. 3 il öncəyə qədər yalnız tətbiq daxilində olan check-in funksiyasının Swarm-a da köçürülməsi ilə Foursquare tətbiqi yeni bir konsept qazandı. Sözügedən konsept iki fərqli tətbiqin bir-birinə inteqrasiyası ilə yaradılıb. Beləliklə də Swarm-da sadəcə check-in edə biləcəyimiz bir vəziyyət yarandı. Foursquare-də isə getdiyimiz məkanlarla bağlı tövsiyələri oxuyub, istəsək özümüz də tövsiyə yaza bilərik.
    Foursquare necə istifadə olunur?
    Öncədən qeyd edək ki, tətbiqi Google PlayApp Store-dan heç bir ödəniş etmədən yükləyə bilərsiniz.
    Tətbiqi ilk açdığınızda qarşınıza çıxan ana ekranda "Səhər yeməyi", "Nahar", "Axşam yeməyi", "Qəhvə və Çay", "Gecə həyatı" və "Ediləcək şeylər" bölmələrini görəcəksiniz. Ana ekranda daha aşağıda isə sırası ilə "Axtarış", "Siyahılar", "Keçmiş" və "Mən" bölmələri yerləşdirilib. Geniş seçim imkanları təqdim edən tətbiqdə böyük ehtimalla getmək istədiyiniz məkanları asanlıqla tapacaqsınız. 
    Foursquare olduqca "ağıllı" sistemə sahibdir. Belə ki, tətbiqə günün hansı saatında və haradan daxil olmağınızı incələyən Foursquare avtomatik olaraq sizə bu məlumatlara uyğun məkanlar tövsiyə edir. Təqdim etdiyi bu imkanlar ilə Foursquare tətbiqi sözsüz ki, "Ən yaxşı şəhər bələdçisi" adının sonuna qədər qarşılığını verir. Sizə isə sadəcə bu tətbiqi yükləyib, təqdim etdiyi özəlliklərdən faydalanmaq qalır.

    Linki kopyala