"Hal-hazırda ən məşhur tətbiq hansıdır?" sualına bir müddət öncəyə qədər yəqin ki, çox fikirləşmədən Facebook, YouTube, WhatsApp, İnstagram cavabını verərdik. Lakin tez bir zamanda bu siyahıya yeni bir ad əlavə olundu. Belə ki, artıq ən məşhur tətbiq Sarahah-dır! Bu yazımızda tez bir zamanda böyük məşhurluq qazanan tətbiqi incələdik.
Səudiyyə Ərəbistanınından olan developer
Zain əl-Abidin Tawfiq tərəfindən hazırlanan
Sarahah adlı tətbiq əslində
anonim mesajlar göndərib, almağınıza şərait yaradan sosial şəbəkədir. Ərəb dilində
"dürüstlük" və ya
"dürüst olmaq" mənasını verən Sarahah tətbiqi bir yanacaq şirkətində işləyən Tawfiq tərəfindən
2016-cı ildə insanların bir-birinə qarşı dürüst olmasını təmin etmək məqsədi ilə yaradılıb.
Sarahah-ın əsas prinsipinə görə insanlar mesajlarını anonim şəkildə yazdıqda daha dürüst olurlar. İlk olaraq Avropa və ərəb ölkələrində məşhurlaşan tətbiqin miqyası tez bir zamanda bütün dünyanı əhatə etdi. Belə ki, Sarahah tətbiqi
ABŞ, İngiltərə, Avstraliya kimi böyük ölkələr başda olmaqla bir çox ölkədə 1-ci sıraya yüksəlib. Bu həftə içi ölkəmizdə də məşhurlaşan tətbiq artıq böyük bir kütlə tərəfindən istifadə olunur.
İlk vaxtlar sadəcə
websayt kimi fəaliyyət göstərən Sarahah tətbiqi ərəb ölkələrindəki məşhurluğunun artmasından sonra
App Store-da və
Google Play-də də öz yerini aldı. Hər gün daha da inkişaf edən tətbiq hal-hazırda sosial media nəhəngləri ilə "çiyin-çiyinə" mübarizə aparır.