main-post-cover

    Məsləhətli App #13: 'Mathpix' - Qəliz riyaziyyat misallarını həll etməyinizə kömək edən tətbiq (İCMAL)

    Elm & Texnologiya
    05.08.2017
    Vüsal Heydərov
    Bu yazımızda əsasını şagird və tələbələrin təşkil etdiyi kütlənin işinə yarayacaq Mathpix adlı mükəmməl tətbiq haqqında danışacağıq. Belə ki, bu tətbiqin köməyi ilə çox qəliz riyaziyyat misallarının cavabını asanlıqla tapa bilərsiniz. Sözü çox uzatmadan Mathpix ilə yaxından tanış olaq.
    Mathpix nədir?
    Mathpix smartfonunuzun kamerasından istifadə edərək toplama, çıxma, vurma, bölmə kimi sadə əməllərdən tutmuş loqarifma, integral, törəmə, triqonometriyaya qədər bir çox misalların cavabını tapmaqda sizə kömək edən ödənişsiz tətbiqdir. Stanford Universitetinin tələbəsi Nicolas Jimenez tərəfindən inkişaf etdirilən tətbiqi smartfonunuzun əməliyyat sisteminə uyğun olaraq Google PlayApp Store-dan yükləyə bilərsiniz. 
    "Daha sürətli və daha asan riyaziyyat" şüarı ilə inkişaf etdirilən Mathpix tətbiqi bu işdə süni zəkaya əsaslanan dərindən öyrənmə (deep learning) və smartfonların görüntüləri tanıma texnologiyasını istifadə edir. Əlyazmaları tanımaq özəlliyi də olan Mathpix tətbiqi cavabını təqdim etdiyi misalların həll mərhələlərini də aydın şəkildə göstərərək onu tamamilə izah edir.
    Mathpix necə istifadə olunur?
    Tətbiq ilə hər hansısa bir misalı həll etmək üçün lazım olan tək şey Mathpix-i açıb lövhədə, (kitabda, dəftərdə) çap və ya əlyazma formasında yazılmış misalın kamera ilə şəklini çəkməkdir. Beləliklə çox keçmədən misalın cavabı və həll mərhələləri qarşınıza çıxır.
    Tətbiqin digər bir özəlliyi isə cavabların 2 və 3 ölçülü qrafiklər şəklində də təqdim olunmasıdır. Bu özəllik xüsusilə sinus, cosinus ilə verilən misalların həllində çox işinizə yarayacaq.

    Linki kopyala