main-post-cover

    Məsləhətli App #5: 'Gboard' - Google-un təqdim etdiyi geniş imkanlı və stabil klaviatura tətbiq (İCMAL)

    Elm & Texnologiya
    26.07.2017
    Vüsal Heydərov
    Google Android-i satın aldığı gündən bəri Android-in daxilindəki tətbiqlərə müxtəlif düzəlişlər etməklə kifayətlənməyərək zaman-zaman bu mobil əməliyyat sisteminə özünün inkişaf etdirdiyi tətbiqlərini də əlavə edir. Əvvəlki sistemdə Google Keyboard adlandırılan stabil və standart klaviaturadan narazı olan bəzi markalar müxtəlif tətbiqlər ilə əməkdaşlıq edirdi. Məsələn, Sony bu markalardan biridir və Swiftkey ilə əməkdaşlıq edərək Sony cihazlarının üzərində gələn standart klaviaturanın Swiftkey olmasının da səbəbi budur. 
    Görünür Google da öz klaviaturasından məmnun deyildi və biraz gec də olsa onu yeniləməyi qərara aldı. Belə ki, şirkət iOS istifadəçiləri üçün 2016-cı ilin mart ayından istifadəyə verdiyi Gboard tətbiqini təxminən 6 ay sonra Android üçün də əlçatan etdi. Bu klaviatura əvvəlkindən stabil və daha rahat idi. İndi isə "Google-un təqdim etdiyi geniş imkanlı və stabil klaviatura tətbiq"-in özəllikləri ilə tanış olaq.
    - Glide Typing. Daha əvvəlki klaviaturanın da sahib olduğu "sürüşdürərək yaz" özəlliyi Gboard-da da yerləşdirilib. Daha stabil işləyən Glide Typing-in köməyi ilə mesajlarınızı daha rahat bir şəkildə yaza bilərsiniz.
    - GIF dəstəyi. Gboard-ın şübhəsiz ki, ən bəyənilən özəlliklərindən biri tətbiqdə GIF dəstəyinin olmasıdır. Artıq bir çox tətbiqdə mövcud olan bu özəllik istifadəyə verildiyi zaman standart Google Keyboard və Swiftkey-də hələ də yerləşdirilməmişdi.
    - Zəngin Emoji dəstəyi. İstədiyiniz zaman emoji bölməsinə keçərək mesajlarınızı emojilərlə də cavablaya bilərsiniz. Keçidlər zamanı heç bir problemin yaşanmaması və olduqca stabil işləməsi tətbiqin əsas üstünlüklərindən biridir. 
    - Axtarış sistemi. Gboard-ı digər klaviatura tətbiqlərdən fərqləndirən başlıca özəllik tətbiqdə axtarış sisteminin mövcud olmasıdır. Sol üst küncdə yerləşdirilən Google loqosuna toxunduqda kiçik bir axtarış sisteminə çevrilən klaviatura sürətli axtarışlar edənlərə bunun üçün sərf etdiyi vaxta qənaət etmək imkanı verir.
    Gboard App Store-da və Google Play-də ümumilikdə 1 milyarda yaxın yüklənmə göstəricisinə sahibdir. 

    Linki kopyala