Məsləhətli App #9: 'TeamViewer' - Bu tətbiqlə başqa bir cihazı uzaqdan izləyə və idarə edə bilərsiniz (İCMAL)

TEXNOLOGİYA


01.08.2017 0 PAYLAŞIM 1152 OXUNMA


TeamViewer əksər insanların gündəlik həyatında tez-tez istifadə etdiyi çoxfunksiyalı və geniş imkanlar təqdim edən məşhur tətbiqlərdən biridir. Bu xəbərdə TeamViewer tətbiqinin nə üçün? və necə? istifadə olunduğundan danışacağıq. 
TeamViewer tətbiqi nə üçün istifadə olunur?
TeamViewer tətbiqi 10 ildən çoxdur ki, sevilərək istifadə edilir.  Tətbiqi bu qədər sevdirən xüsusiyyət cihazların uzaqdan idarə olunmasına şərait yaratmasıdır. Uzaqdan idarə imkanının üstünlüyü ondadır ki, cihazınızda bəzi problemlər yarandıqda problemi həll etmək üçün cihazı usta və ya hər hansısa bir tanışınızın yanına aparmaq məcburiyyətində qalmırsınız. Belə ki, tətbiqin köməyi ilə cihazınızla əlaqə qurula və bu problemlər uzaqdan asanlıqla həll oluna bilər. Bunun üçünsə lazım olan tək şey tətbiqin hər iki cihazda qurulu olmasıdır.
İstifadəsi olduqca asan olan TeamViewer tətbiqi həm ödənişsiz, həm də "açıq mənbə kodlu" (License: Freemium) olması səbəbi ilə hər gün daha da inkişaf edir. TeamViewer uzaqdan idarə özəlliyindən əlavə həm də konfrans özəlliyi də təqdim edir. Hansı ki, bu özəlliklə qarşı tərəfin idarə hüququ olmur və sadəcə izləməklə kifayətlənir. 

TeamViewer tətbiqi necə istifadə olunur?
Öncədən qeyd edək ki, TeamViewer tətbiqi yalnız aşağıda adları qeyd olunan əməliyyat sistemləri tərəfindən dəstəklənir.
- Android
- iOS
- Linux
- macOS
- Windows
- Windows Phone 8
- Windows RT
- BlackBerry

Tətbiqi cihazınızın əməliyyat sisteminə uyğun şəkildə yükləyib, tətbiqi açın. Ekranda açılan pəncərənin sol hissəsində ID-niz və şifrə görünür. Əgər cihazınıza başqa birinin daxil olmasını istəyirsinizsə bu məlumatları qarşı tərəfə ötürməlisiniz. Onu da qeyd edək ki, ID-niz müəyyən bir müddət keçdikdən sonra, şifrəniz isə tətbiqə hər dəfə daxil olduğunuzda dəyişir. 

Cihazınıza daxil olan şəxs eynən sizin kimi cihazı bütünlüklə idarə etmək hüququ qazanmış olur. Uzaqdan idarə prosesinə müdaxilə etmək, əlaqəni kəsmək istədiyiniz vaxt tətbiqi bağlamağınız kifayətdir. Yuxarıda da qeyd etdiyimiz kimi şifrənizin hər dəfə yenilənməsi sizi həmin şəxsin cihazınıza yenidən daxil olması kimi halların qarşısını alır. Əgər sizin deyil, siz kiminsə cihazınıza bağlanmaq istəyirsinizsə yuxarıda qeyd edilən proseslərin əksini icra edin.

Sonda əsas diqqət yetirilməli məsələ budur ki, cihazın digər bir cihaza bağlanması üçün hər iki cihazdakı TeamViewer tətbiqi eyni versiyada olmalıdır. Məsələn, TeamViewer 10 tətbiqi ilə TeamViewer 11 tətbiqi arasında əlaqə qurmaq mümkün deyil.