main-post-cover

    Meta şirkəti Quest Pro adlı ən təkmilləşdirilmiş VR cihazını təqdim edib - QİYMƏTİ (VİDEO)

    Elm & Texnologiya
    12.10.2022
    Emil Nəcəfov
        Mark Zuckerberg Meta Connect 2022 tədbiri çərçivəsində Quest Pro adlı təkmilləşdirilmiş VR cihazı təqdim edib. Təqdim edilmiş VR cihaz adi istehlakçılar üçün nəzərdə tutulmuş Quest seriyasına daxil olsa da, bu seiryada daha öncə təqdim edilmiş daha sadə VR cihazlardan qat-qat fərqlənir. Məlumatda qeyd edilib ki, Quest Pro Meta şirkətinin indiyənə kimi təqdim etmiş olduğu VR cihazlar arasında ən təkmilləşdirilmiş olanıdır. Quest Pro-nun əsas fərqləndirici özəlliklərdən biri də odur ki, o, 4 ədəd xarici kameraya sahibdir. Həmin kameralar real ətraf mühitdə baş verənləri virtual reallıqda əks etdirmək üçün nəzərdə tutulub. Bu isə öz növbəsində cihazı həmçinin artırılmış reallıq cihazı edir və istifadəçi bu halda artırılmış reallıq mühiti ilə qarşılıqlı əlqədə ola bilər.
        Bu cür imkan yeni VR cihazın Quest 2 ilə müqayisədə daha təkmilləşdirilmiş texniki özəllikləri əldə etməsinə hesabına mümkün olub. Belə ki, Quest Pro VR cihazı Snapdragon XR2+ prosessoru, 12 GB RAM 256 GB daxili yaddaş həcmi ilə təchiz olunub. Cihazın özü hər biri 1920x1800 piksel keyfiyyətli 2 ekrana sahibdir. Şirkət bildirib ki, Quest Pro istifadəçinin göz hərəkətlərini və üz mimikasını təyin edə bilir. Bu isə öz növbəsində virtual mühitdə istifadəçinin müxtəlif emosiyalarının ötürülməsinə şərait yaradır. Sözügedən VR cihaz özündə həmçinin yenilənmiş idarəetmə qurğularını birləşdirir.
        Həmin idarəetmə qurğularında da kameralar yerləşdirilib və onların sayəsində idarəetmə qurğuları VR cihazdan hansı məsafədə yerləşdiklərini təyin edə bilirlər. Hər bir idarəetmə qurğusu 3 kamera və Snapdragon 662 prosessoru ilə təchiz olunub. Məlumatda qeyd edilib ki, Quest Pro VR cihazı heç bir əlavə cihaza qoşulmadan avtonom rejimdə 1-2 saat çalışa bilir. Bu isə potensial alıcılar üçün kifayət edən bir göstərici olmaya bilər. Quest Pro-nu ABŞ-da 1500$-a ön sifariş etmək olar. VR cihaz 25 oktyabr tarixində satışa çıxacaq. Avropada isə Quest Pro 1800 avro qiymətində satışa çıxacaq.
    Linki kopyala