main-post-cover

    Meta virtual aləmdəki obyektləri fiziki səviyyədə hiss etməyə imkan verən əlcəyi təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    17.11.2021
    Farid Pardashunas
        Meta şirkəti (keçmiş adı Facebook) özünün metakainat (metaverse) yaratma planını elan etməsi ilə böyük marağa səbəb olmuşdu. Gözləntilərə əsasən şirkət tərəfindən yaradılacaq metakainatda AR VR texnologiyalardan istifadə etmək mümkün olacaq. Lakin indi məlum olub ki, Meta artıq 7 ildir ki, özünün ən iddialı layihələrindən biri üzərində çalışır. Söhbət, virtual aləmdəki obyektlərlə qarşılıqlı əlaqə zamanı istifadəçini əsl fiziki toxunuş duyğusu ilə təmin edən xüsusi əlcəklərdən gedir. Şirkət ilk dəfə olaraq özünün Reality Labs adlı şöbəsi tərəfindən yaradılmış əlcəyi sərgiləyib. Gözləntilərə əsasən bu əlcəklər virtual mühitdəki qarşılıqlı əlaqənin ayrılmaz hissəsinə çevriləcəklər. Əlcək hava ilə doldurulmuş çoxlu sayda elementdən ibarətdir. Həmin elementlər ovuc hissəsinin səthində və əlcəyin barmaqları ətrafında yerləşiblər. Sözügedən əlcək prototipi virtual mühitdəki fiziki toxunuş duyğularını təqdim etməklə yanaşı həmçinin VR idarəetmə sistemi kimi istifadə oluna bilər. Bu halda VR sistem barmaq hərəkətlərini təyin etməyə qadirdir.
        Xüsusi sistem ətraf vəziyyəti analiz edir və əlcəyin hava ilə doldurulmuş ayrı-ayrı kameralarındakı təzyiqi dəyişir. Nəticədə virtual aləmdə əlin əsl toxunuş duyğuları yaranır. Məsələn virtual obyektə barmaq ucları ilə toxunan zaman istifadəçi öz barmaqlarının uclarında həmin toxunuşu hiss edə bilir. Vizual və audio effektlər ilə birlikdə bu sistem virtual obyektlərlə qarşılıqlı əlaqə təcrübəsini reallıqdakı təcrübə səviyyəsinə çatdırır. Məlumdur ki, Meta bu texnologiya üzərində 2014-cü ildən çalışır. Məhz həmin vaxtda şirkət Oculus VR-ı əldə etmişdi. Reality Labs şöbəsinin rəhbəri olan Michael Abrash-ın sözlərinə əsasən bu texnologiyanın ilkin yaradılma mərhələlərində belə onun virtual aləmdə sərgilədiyi toxunuş duyğuları realdakı toxunuş duyğularına çox yaxın idilər. Qeyd etmək lazımdır ki, bu texnologiya unikal bir texnologiya deyil. Belə ki, bir çox şirkət buna bənzər texnologiya üzrə təcrübələr aparır.
        Lakin digərləri bu cür texnologiyanı həkimlər, hərbçilər və sənaye sahələri üçün yaratdıqları bir vaxtda Meta şirkəti əsas üstünlüyü kütləvi bazara verib. Buna baxmayaraq bu cür əlcəklərin irimiqyaslı istehsalına hələ çox var. Texnologiya hələ ki, virtual obyektlərin konturlarını hiss etməyə imkan verir. Obyektlərin qalan hissələrini isə istifadəçi öz beynində təsvirlər və səslər vasitəsilə canlandırmalı olur. Bununla yanaşı əlcəklərin ölçüləri çox böyükdür və onları adi istifadə üçün nəzərdə tutulmuş ölçülərə kimi kiçiltmək lazımdır. Həmçinin onların ölçülərini hər bir istifadəçinin əli üçün adaptasiya etmək vacibdir. Əks halda virtual aləmdə yüksək səviyyəli toxunuş hissinə nail olmaq mümkün olmayacaq.
        Əlcəklərin təmizlənməsi problemi də mövcuddur. Bu cür aksesuarları zaman-zaman yumaq lazım gəlir. Bütün bunlardan əlavə olaraq tərtibatçılar istifadəçi barəsində olan məlumatların əldə olunmasını məhdudlaşdıracaq sistemi də yaratmalıdırlar. Təəssüflər olsun ki, bəzi problemləri indiki texnoloji inkişaf səviyyəsi çərçivəsində həll etmək mümkün olmayacaq. Əlcəyin təqdim etdiyi toxunuş duyğusu yüksək səviyyədə ola bilər. Lakin virtual stol və ya divar daxilindən keçməkdə ona heçnə mane ola bilməz. Nəticədə metakainat sərt obyektlərə sahib olmayan və qatı mayeni xatırladan bir dünyaya çevrilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər