
Microsoft şirkəti iPad'in rəqibi büdcəli Surface Go'nu təqdim etdi (VİDEO)
Elm & Texnologiya
10.07.2018
Emil
Görünür, Microsoft şirkəti həqiqətən
də planşet bazarının bir hissəsini sahiblənmək istəyir. Belə ki, şirkət bugün
özünün ən büdcəli planşet modeli olan Surface Go-nu təqdim edib. Təqdim
olunmuş planşetin qiyməti ilə texniki göstəriciləri onu həm Surface Pro
modelinin büdcəli versiyası, həmdə məşhur Apple iPad-in rəqibi edir. Yeni
planşetin xarici görünüşü Surface Pro-nun köhnə modellərinə bənzəyir. Surface
Go 3:2 nisbətli 1800x1200 piksel keyfiyyətli 10 inç ekranla təchiz olunub.

Digər
Surface modellərində olduğu kimi Surface Go da ön kameraya sahibdir və istifadəçi
üzünün skan texnologiyasını özündə birləşdirir. Planşetin sağ hissəsində USB
Type-C girişi yerləşdirilib. Onun vasitəsilə planşeti şarj etmək, planşetdəki
videonu xarici ekrana ötürmək və ya planşetə əlavə cihazları qoşmaq
olar. Cihazın çəkisi 0.52 kq-dır. Bu isə Apple iPad-dən bir qədər çoxdur. Texniki
göstəricilərə gəldikdə isə Surface Go 1.6 GHz tezlikdə çalışan Intel Pentium
Gold 4415Y prosessoru, 4/8 GB RAM və 64/128 GB daxili yaddaş ilə təchiz olunub.

Planşetin hansı növ batareya ilə təchiz olunduğu barədə məlumat verilmir.
Lakin Microsoft şirkətinin verdiyi məlumata əsasən Surface Go bir dəfə şarj
olunandan sonra 9 saat çalışa bilir. Digər Surface modelləri kimi Surface Go da
S rejimli Windows 10 əməliyyat
sistemi vasitəsilə çalışır. Bu isə o deməkdir ki, planşetə tətbiqləri yalnız
Microsoft-un online mağazasından yükləmək olar və istifadəçilər yalnız Edge
brauzerindən istifadə edə bilərlər. Lakin istifadəçilər istədikləri vaxt tam
versiyalı Windows 10 əməliyyat sisteminə keçə bilərlər.

Beləliklə 4 GB RAM və
64 GB daxili yaddaşa sahib versiya 399$, 8 GB RAM və 128 GB daxili yaddaşa
sahib versiya isə 549$ qiymətinə satılacaq. Planşetdən əlavə ona qoşula bilən
Type Cover klaviaturasını da almaq olar. Rəngindən asılı olaraq klaviaturanın
qiyməti 99-129$ təşkil edir. Aksessuarlar siyahısını həmçinin 35$-a satılan Surface Mobile
Mouse və 99$-a satılan
Surface Pen stilusu təşkil edir. Planşetin satışlarına gələn aydan start veriləcək. İlk
növbədə Wi-Fi modullu versiya satışa çıxacaq. Daha sonradan isə LTE modemə
sahib olacaq versiya satılacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
