main-post-cover

    Mobil Operatorların rominq tarifləri necə hesablanır? [Ekspert rəyi]

    11.09.2018
    Farid Pardashunas
        Xarici ölkələrə səfər edən zaman sərfəli internet və danışıq qiymətləri hər bir mobil nömrə istifadəçisinin arzusudur. Tez-tez səyahət edən şəxslər yaxşı bilir ki, ölkə xaricində rominqdən istifadə zamanı hesablanan tariflər, ölkə daxilində olan tariflərlə müqayisədə bahadır. Əksər istifadəçilər isə hesab edir ki, rominqdə olan zaman istifadə olunan meqabaytlar və danışılan dəqiqələrə görə hesablanan tariflər yerli operatorun təyin etdiyi qiymətlərə görə hesablanır. İstifadəçilər də yaşanan bu problemi birbaşa mobil operatorda görür.
    Bəs əslində əksər istifadəçinin şikayət etdiyi problemin əsas səbəbi nədir?
        Məsələ düşündüyümüz qədər də sadə deyil. Yəni, mobil operator istifadəçinin xarici ölkəyə getdiyini görüb, anidən bütün tariflərin qiymətini artırmır. Araşdırmalar göstərir ki, hətta bəzi ölkələrdə eləcə də Azərbaycanda yerli operator öz istifadəçisinin danışıq xərclərinin bir qismini qarşılayır.
        Rominq tariflərinin hesablanma sistemini başa düşmək üçün öncə işin texniki tərəfini araşdırmaq lazımdır. Belə ki, xarici ölkəyə daxil olan istifadəçi ilkin olaraq həmin ölkənin mobil operatorunun təmin etdiyi şəbəkəyə qoşulur. İstifadəçini həmin şəbəkəyə qoşulması, gedilən ölkədə şəbəkəyə sahib olan mobil operatorun tariflərinə uyğun davranması məcburiyyətini yaradır.
        Gedilən ölkədə istifadəçinin qoşulduğu mobil şəbəkənin təminatçısı olan operator günün sonunda istifadəçinin bütün xərclərini hesablayıb, istifadə etdiyi mobil operatora faktura olaraq göndərir. Məsələn, Azercell abunəçisi olan istifadəçi Almaniyada qoşulduğu mobil operatorun şəbəkəsindən istifadə etdikdə, həmin gün sonuna şəbəkə təminatçısı operator razılaşdırılmış tariflərə uyğun Azercell-ə faktura göndərir.
        Görəsən, bu qiymətlərin yüksək olmasının əsas səbəbi nədir?
        Rominq xidmətləri üçün qiymətlərin təyin olunması operatorlar arasında olan hesablamaların xarici məzənnələrlə edilməsi, beynəlxalq sövdələşmələr əsasında yaranan əlavə xərclər, qarşı tərəfin operatorunun öz növbəsində müəyyənləşdirdiyi rominq tarifləri və s. kimi faktorlardan asılıdır.
        Operatorlar isə bu qiymət fərqini aradan qaldırmaq üçün qarşılıqlı rominq sazişləri imzalayaraq vahid qiymət təyin edirlər. Tariflərin qiymətləri isə ölkədən və həmin ölkədə olan mobil operatorların təyin etdiyi qiymətlərdən asılı olaraq dəyişir. Qarşılıqlı rominq sazişləri imzalanan zaman mobil operatorların diqqət etdiyi əsas məsələ ölkələr arasında olan tursit axınıdır. Yəni xarici mobil operator qarşı tərəfdə olan operatora o halda endirimli qiymətlər təklif edir ki, həmin operatorun əhatəsi dairəsi olan ölkələrə öz istifadəçisi də tez-tez getsin. Məsələn, son olaraq Azercell-in 42 ölkə üçün təyin etdiyi xüsusi internet paketini buna nümunə göstərmək olar. Əgər əvvəllər yerli istifadəçi xarici ölkəyə üz tutanda hər istifadə olunan MB görə ödəniş edirdisə, artıq Azercell-in əldə etdiyi razılıqlara görə yerli istifadəçi səfər etmədən öncə internet paketi alaraq 19.90 AZN ödəməklə 1 GB-lıq internet balansı əldə edə bilir. Bu cür paketlər isə operatorlar arasında olan qarşılıqlı razılığa əsasən əldə olunur və istifadəçisin işini rahatlaşdırmaqla yanaşı, balansına qənaət etməsinə gətirib çıxarır.
        Azercell şirkətinin Biznesin Təhlili və Beynəlxalq Xidmətlər şöbəsinin rəhbəri Azad Hüseynov məsələni Technote.az-a şərh edərkən bildirib ki, rominq biznes modelində gəlir mənbəyi əsasən ölkəyə daxil olan turistlərin yerli şəbəkədən istifadə etməsinə görə hesablanan ödənişlərdir:
        “Hazırda Azercell şirkətinin rominq startegiyasının əsasında xaricə səfər edən müştərilərin xərclərinin minimallaşdırılmasıdır. Bunun üçün biz dünyanın müxtəlif yerlərindən olan operatorlarla rominq müqaviləsi əsasında çalışıb endirimli tariflər alırıq. Təbii ki, bu həmişə aşağı qiymət olmur. Bəzi operatorlar isə ümumiyyətlə endirimli qiymət vermək istəmir. Tariflərin çox yüksək olduğu halda, Azercell öz istifadəçisinin ödənişlərinin bir hissəsini subsidiya olaraq qarşılayır və öz öhdəsinə götürür. Məsələn, xarici operatorlardan biri internetin 1 mb üçün 35 dollar tələb edir və endirim etmir”.
        Onun sözlərinə görə, hazırda Azercell istifadəçisinin həmin operatorun şəbəkəsindən istifadə edən zaman istifadə etdiyi mb xərclərinin 75%-ni şirkət qarşılayır:
        “Qalan 25%-i isə istifadəçi ödəyir. Xaricə səfər edən müştərilərin məmnunluğu daha vacibdir. Çünki səfər edən müştəri xarici operatorun şəbəkəsinə daxil olur və onların təyin etdiyi tariflərə əsasən ödəniş edir. Burada Azercell olaraq bizim əsas işimiz həmin operatorlardan endirimli və sərfəli qiymətlər almaqdır. Məqsədimiz xaricə gedən müştərilərin xidmətdən məmnun olmasıdır”.
        Azad Hüseynov onu da bildirib ki, Azercell-in 180 ölkə və adalarla rəsmi müqaviləsi var:
        “Azercell hazırda xüsusi data paket təqdim edir. Bu paket 42 ölkədə keçərlidir. Və hər ölkədə ən az bir operatorlarla güzəştli müqaviləmiz var. İstifadəçilərimiz 19.90 AZN ödəməklə, 1GB data paket ala bilər.
        Əlavə olaraq, paketin 90%-in istifadə etdikdə sizə bu haqda SMS-lə məlumat gəlir. 100% istifadə edildikdə isə abunəçiyə xəbərdarlıq gəlir və əlavə internet paketi sifariş etmək təklif edilir. Bu sərfəli rominq paketi abunəçiyə xarici ölkədə olarkən öz rabitə xərclərini rahatlıqla nəzarətdə saxlamağa imkan verir.”
        Azercell-in yeni rominq internet paketi və keçərli olduğu ölkələr haqqında məlumatı yerləşdirilən linkdən əldə edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər