Logo
    main-post-cover

    NASA 2035-ci ilə qədər Ayda nüvə reaktoruna sahib baza inşa etməyi planlaşdırır

         NASA administrasiyası yaxın onillik ərzində Ayda daimi baza yaradılması planlarını açıqlayıb. NASA həmçinin tarixdə ilk dəfə insanın Marsa enişinə hazırlaşır. NASA rəhbəri Sean Duffy hazırda Sidney şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edib. Müzakirələr zamanı dünyanın digər kosmik agentliklərinin nümayəndələri ilə söhbətində Duffy ABŞ-ın yaxın gələcəkdə Ayın mənimsənilməsi planlarından danışıb. Duffy-nin sözlərinə görə, NASA növbəti onillik ərzində Ayda insanın daimi mövcudluğunu təmin etməyi planlaşdırır. Eyni zamanda NASA rəhbəri bildirib ki, ABŞ kosmik agentliyi 2035-ci ilə qədər Ayda bütöv bir “kənd” yerləşdirəcək. Bu isə o deməkdir ki, ABŞ Yer peykinin səthində daimi baza inşa etməyi planlaşdırır və bu baza, Duffy-nin sözləri ilə desək, sadəcə baza deyil, bütöv bir kənd olacaq.
         Gələn ilin fevral ayında NASA 1972-ci ildən bəri ilk pilotlu missiyanı Aya göndərə bilər. “Artemis-2” missiyası astronavtların Ayın səthinə enməsini deyil, Yer peyki ətrafında 10 günlük uçuş həyata keçirməsini nəzərdə tutur. Lakin bu missiya 2027-ci ilin ortalarında astronavtların Aya enişinə hazırlıq üçün həlledici əhəmiyyət daşıyır. Yaxın vaxtlardakı Ay missiyalarının əsas məqsədi Yer peykinin səthində daimi Amerika bazasının yaradılmasıdır. Bu baza, yəqin ki, nüvə reaktoru vasitəsilə yaradılan enerji ilə işləyəcək, astronavtları daimi əsasda qəbul edə biləcək və Ay səthində tapılan materiallardan inşa ediləcək. Duffy həmçinin bildirib ki, Ayda baza tikintisindən əlavə, NASA-nın qarşıdakı onillikdəki məqsədlərindən biri də tarixdə ilk dəfə insanın Marsa enişinə hazırlıqdır.
         NASA rəhbərinin fikrincə, 10 ildən sonra ABŞ bəlkə də artıq Qırmızı planetə astronavt enişinin astanasında olacaq. “Artemis-2” missiyası başa çatdıqdan sonra NASA “Artemis-3” missiyasını həyata keçirməyi planlaşdırır. Bu missiya çərçivəsində astronavtlar 1972-ci ildən bəri ilk dəfə olaraq 2027-ci ilin ortalarında Ayın səthinə qədəm qoyacaqlar. “Apollo” proqramı çərçivəsində 50 ildən çox əvvəl astronavtlar Ay səthində maksimum 22 saat qala bilirdilər, amma “Artemis-3” missiyasının astronavtları Ayda 7 günədək qalacaqlar. Onların topladığı məlumatlar ilk ABŞ bazasının inşasına hazırlıq üçün istifadə olunacaq.
         Avqust ayında NASA 2030-cu ilə qədər Ayda tarixdə ilk nüvə reaktorunu inşa etməyi planlaşdırdığını açıqlayıb. Bu reaktor gələcək bazanı enerji ilə təmin etməli olacaq və 100 kVt elektrik enerjisi istehsal edəcək. Bu qədər enerji astronavtların 14 Yer günü davam edən Ay gecəsini keçirmələri üçün kifayət edəcək. Bu müddətdə günəş panelləri kifayət qədər enerji istehsal edə bilmir. NASA hesab edir ki, gələcək bazanı Ayın səthindən toplanan materiallar vasitəsilə inşa etmək mümkündür. Bunun üçün Ay torpağını digər materiallarla qarışdıraraq tikinti üçün lazım olan sement əldə edilə bilər. Əgər hər şey plana uyğun getsə, bazanı Ay torpağı və sudan istifadə etməklə, ora göndəriləcək aparatların köməyi ilə 3D printer vasitəsilə çap etmək mümkün olacaq.
    Paylaş