
NASA astronavtlarının Ay ətrafı uçuşu artıq gələn ilin fevral ayında baş tuta bilər
Elm & Texnologiya
24.09.2025
Emil
NASA-nın yüksək vəzifəli şəxsləri “Artemis 2” missiyası çərçivəsində tarixi uçuşun artıq 2026-cı il fevralın 5-də baş tuta biləcəyini bildiriblər. Orion gəmisində Ay ətrafında uçuşa 4 astronavt göndəriləcək - bu, 50 ildən artıq fasilədən sonra ilk dəfə olacaq. Ay missiyası üçün sonuncu uçuş tarixi 26 aprel kimi müəyyən olunub, lakin agentlik mümkün qədər tez başlamasına ümid edir. NASA-da “Artemis 2” missiyasının məqsədləri belə izah olunur: “Bu missiyanı tam uğurlu adlandırmaq üçün biz Ayı dövrə vurmalı, ekipajı sağ-salamat geri gətirməli və onları geniş qucaqla qarşılamalıyıq”.

Ekipajlı gəmi Ay orbitinə çıxmayacaq - o, peyki sərbəst dövrə vuracaq və onun səthinə 9260 km-dən yaxın məsafəyə yaxınlaşmayacaq. Bu cür ehtiyatlılıq onunla bağlıdır ki, “Artemis 2” missiyası böyük ölçüdə sınaq xarakteri daşıyır. NASA astronavtların həyatını riskə atmaq fikrində deyil. “Artemis 2” missiyasının göndərilməsi 1 ildən çox gecikib. Problemlər Orion gəmisinin istilik qalxanı ilə bağlı yaranıb. “Artemis 1” missiyasında Orion pilotsuz rejimdə təxminən 2 həftə Ay orbitində olduqdan sonra Yer atmosferinə daxil olarkən istilik qalxanı bəzi yerlərdə gözlənilmədən ciddi şəkildə yanmışdı.

Buna görə də “Artemis 2” missiyasında gəmi ekipajla birlikdə uçarkən seçilən trayektoriya elə müəyyən edilib ki, Orion-un istilik qalxanı Yer atmosferinə daxilolma zamanı daha az istilik yüklənməsinə məruz qalsın. Bu tarixi uçuşa NASA astronavtları qatılacaq: komandir Reid Wiseman, pilot Victor Glover, mütəxəssis Christina Koch və Kanada Kosmik Agentliyinin astronavtı Jeremy Hansen. NASA-nın “Artemis 2” missiyasını başlatmaq üçün fevral, mart və apreldə 5 günlük imkan pəncərəsi var. Orion gəmisi bu ilin may ayında agentliyə təhvil verilib. Yaxın vaxtlarda gəmi SLS daşıyıcı raketinə quraşdırılacaq. Tam hazır raketi NASA oktyabr ayında göstərməyi vəd edir.
Paylaş