NASA dərin kosmik missiyalar üçün orbitdə yanacaq doldurma texnologiyasını sınaqdan keçirir
Elm & Texnologiya
29.06.2026
Sevinj
NASA gələcəkdə Aya, Marsa və Günəş sisteminin daha uzaq nöqtələrinə göndəriləcək kosmik missiyalar üçün orbitdə yanacaq doldurma texnologiyasının yeni mərhələsini sınaqdan keçirib. Agentlik bu məqsədlə ABŞ-nin müdafiə və texnologiya şirkəti L3Harris Technologies tərəfindən hazırlanan "kriokupler" (cryocoupler) adlı xüsusi qurğunu test edib.
Bu qurğunu avtomobillərdə yanacaq doldurma tapançasına bənzətmək olar. Kriokupler kosmik gəmilərin gələcəkdə orbitdə yerləşəcək yanacaq stansiyalarına qoşularaq yanacaq qəbul etməsinə imkan verəcək. Bu isə uzaq kosmik missiyaların daha böyük yük daşımasına və daha uzaq məsafələrə uçmasına şərait yaradacaq. NASA bildirir ki, iki kosmik gəmi arasında orbitdə kriogen yanacaq ötürülməsi indiyədək heç vaxt həyata keçirilməyib və bu, kosmik mühəndisliyin ən çətin problemlərindən biri hesab olunur. Qurğu maye hidrogen və maye oksigen kimi son dərəcə aşağı temperaturlu yanacaqları heç bir sızma olmadan ötürə bilməlidir.
Mütəxəssislər sınaqlar zamanı qurğudan mənfi 196 dərəcə Selsiyə (–321°F) qədər soyudulmuş maye azot keçiriblər. Məqsəd cihazın ekstremal temperatur fərqlərinə necə reaksiya verdiyini öyrənmək olub. Eyni zamanda, sistem yanlış və ya tam uyğun olmayan birləşmələri simulyasiya edən testlərdən də keçirilib. NASA-nın məlumatına görə, yeni kriokupler tam avtomatik işləyir və dəfələrlə qoşulub-ayrıla bilir. Bu xüsusiyyət gələcəkdə astronavtların açıq kosmosa çıxmadan yanacaq doldurma əməliyyatını həyata keçirməsinə imkan verəcək.
Hazırda layihə ilkin mərhələdədir. Qarşıdakı illərdə texnologiyanın konkret Ay və Mars missiyalarının tələblərinə uyğun şəkildə daha geniş sınaqlardan keçirilməsi planlaşdırılır.
Paylaş