NASA Marsdakı MAVEN missiyasını rəsmi olaraq başa çatdırdı
Elm & Texnologiya
04.06.2026
Sevinj
NASA-nın Mars orbitində fəaliyyət göstərən MAVEN (Mars Atmosphere and Volatile Evolution) kosmik aparatı ilə əlaqə tamamilə kəsilib və agentlik missiyanın rəsmi olaraq başa çatdığını elan edib. NASA-nın açıqlamasına görə, sonuncu dəfə MAVEN-dən 6 dekabr 2025-ci ildə siqnal qəbul olunub. Aparat Marsın arxa tərəfinə keçdikdən sonra onunla əlaqə gözlənilmədən itib. Agentlik aylarla kosmik aparatı bərpa etməyə çalışsa da, aparılan araşdırmalar nəticəsində bunun artıq mümkün olmadığı müəyyən edilib.
2013-cü ildə kosmosa göndərilən MAVEN 2014-cü ildə Mars orbitinə daxil olmuşdu. Əslində missiyanın əsas elmi proqramı cəmi bir il davam etməli idi. Lakin aparat gözləniləndən xeyli uzun müddət, 11 ildən çox fəaliyyət göstərərək Mars haqqında mühüm elmi məlumatlar toplayıb. NASA-nın məlumatına əsasən, MAVEN Marsın arxa tərəfindən yenidən göründükdən sonra normal siqnal göndərməyib. Deep Space Network anten şəbəkəsinin topladığı məlumatlar göstərib ki, aparat təhlükəsizlik rejiminə keçib və qeyri-adi dərəcədə yüksək sürətlə fırlanmağa başlayıb. Bu isə batareyaların sürətlə boşalmasına və rabitə sisteminin enerji təchizatını itirməsinə səbəb olub. NASA hazırda nasazlığın dəqiq səbəbini araşdırmağa davam edir və bu ilin sonuna qədər ətraflı hesabat dərc etməyi planlaşdırır.
Paylaş