main-post-cover

    NASA mühəndisləri karantin zamanı Marsdakı Curiosity aparatını öz evlərindən necə idarə edirlər?

    Elm & Texnologiya
    18.04.2020
    Farid Pardashunas
        NASA agentliyi öz mütəxəssislərinin evlərindən çalışma özəlliklərindən danışıb. Bu halda onlar 19-cu əsrin texnologiyalarından və eyni anda bir neçə videokonfransdan istifadə edirlər. Bu barədə Vc.ru saytı xəbər verib. Koronavirus pandemiyası səbəbilə NASA agentliyi Reaktiv hərəkət laboratoriyası (JPL) adlı elmi tədqiqat mərkəzinin əməkdaşlarını evlərinə yollayıb. Qeyd etmək lazımdır ki, Marsdakı Curiosity aparatı məhz həmin mərkəzdən idarə olunur. Marsdakı tədqiqatları davam etdirmək və aparatın missiyalarını planlaşdırmaq üçün JPL-in komandası evdən çalışma şəraiti üçün öz çalışma proseslərini yenidən qurub.
    Mars səthində istiqamətlənmək və Curiosity aparatının idarəsini reallaşdırmaq üçün mühəndislər planetin 3D fotolarından istifadə ediblər.
        Onlar fotoların 3D vizuallaşdırılması üçün həmin fotolara xüsusi eynəklər vasitəsilə baxıblar. Bu üsul isə aparatın hansı istiqamətdə hərəkətini və onun robotlaşdırılmış qolunun hansı məsafəyə kimi hərəkət etidirilməsini təyin etməkdə yardımçı olur. Karantin zamanı JPL əməkdaşları uzaqdan çalışma şəraiti üçün öz cihazlarını, monitorlarını, noutbuklarını və digər təchizatlarını bölüşdürüblər. Lakin Marsdakı Curiosity aparatının evdən idarəolunması üçün bu bəs etməyib. Belə ki, 3D eynəklər üçün yüksək performanslı videokartlara sahib kompüterlər lazımdır. Həmin kompüterlər isə JPL-də qalıblar.
    NASA etiraf edib ki, söhbət, videooyunlar üçün nəzərdə tutulan adi kompüterlərdən gedir.
        Curiosity aparatının operatorları bu vəziyyətdə 3D fotolara evdəki noutbuklarında baxmaq üçün köhnə qırmızı-göy 3D eynəklərdən istifadə etmək məcburiyyətində qalıblar. Qeyd etmək lazımdır ki, bu texnologiya hələ 19-cu əsrdə kəşf edilib və 1950-1960-cı illərdəki filmlərdə stereoeffektlərin yaradılmasnda istifadə edilib.
        NASA qeyd edib ki, keyfiyyətin bir qədər itməsinə baxmayaraq bu eynəklər Curiosity aparatının hərəkətinin planlaşdırılmasında və onun idarəolunmasında yaxşı yarayırlar. Bir neçə testdən və məşqdən keçəndən sonra JPL komandası planetin səthindəki Edinburq ərazisində Mars süxuru nümunəsinin əldə olunması üçün qazıntı missiyasını planlaşdırıb. 20 mart tarixində mühəndislər uğurlu şəkildə Curiosity-ni həmin yerə çatdıraraq Mars süxuru nümunəsini əldə ediblər və süxur barəsində hesabatın Yer kürəsinə göndərilməsinə nail olublar. Təchizat bu prosesin yalnız bir hissəsidir.
    Belə ki, Curiosity aparatının hərəkətini planlaşdırmaq və ondakı məlumatları yığmaq üçün komanda üzvləri dünyanın yüzlərlə alimləri ilə çalışırlar.
        Buna görə də aparatın hər bir hərəkətinin proqramlaşdırılması üçün 20-yə yaxın insan işə cəlb oluna bilər. Onlar fiziki olaraq bir yerdə yerləşərək onlarla digər mütəxəssislər ilə uzaqdan ünsiyyət quraraq kod yazırlar və həmin kodu test edirlər. Adətən JPL mütəxəssisləri bir yerdə yerləşirlər. Bu halda onlar öz monitorlarındakı məlumatları, fotoları bir-birilərinə göstərir və bir otaqda böyük olmayan qruplar şəklində ünsiyyət qururlar.
        Lakin indiki vəziyyətdə JPL mütəxəssisləri həmin işi eyni anda bir neçə videokonfrans vasitəsilə görməli olurlar və öz işlərində daha çox messencerlərə üstünlük verirlər. Bütün iştirakçıların bir-birilərini yaxşı başa düşdüklərini anlamaq üçün bu üsul daha çox zaman alır. Həmçinin hər bir günün planlaşdrılması da adi vaxt ilə müqayisədə 2-3 saat daha çox vaxt aparır. 
        Uzaqdan çalışma üsulu öz növbəsində Curiosity aparatına gün ərzində göndərilən əmrlərin sayını məhdudlaşdırır. Lakin buna baxmayaraq aparat əvvəlki kimi çox məhsuldardır. Kommunikasiyada ola biləcək boşluqları aradan qaldırmaq üçün elmi-tədqiqat qrupunun rəhbəri Carrie Bridge eyni anda çatdakı 15 kanalı müşahidə edir.
         Adi vaxtda o, “vəziyyət otağın”da çalışan bir neçə qrupa baş çəkir. Həmin otaqda isə Curiosity aparatından olan məlumatlar və fotolar emal olunur və əmrlər generasiya edilir. İndi isə o, hər şeyi yoxlamaq üçün eyni anda 4 videokonfransda iştirak edir. JPL əməkdaşları uzaqdan çalışma üsuluna öyrəşiblər. Curiosity-nin çalışma prosesinin davam etdirilməsi üçün sərf olunan səylər isə NASA-nən əzmkarlığından xəbər verir.
    “Bu, NASA-nın klassikasıdır. Biz problemlə qarşılaşırıq və hər şeyin çalışmasını təmin etmək üçün yollar axtarırıq. Marsın tədqiqatı yerində durmur. Biz hələ də onu müşahidə edirik” - deyə Carrie Bridge qeyd edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər