Logo
    main-post-cover

    NASA-nın yeni kosmik teleskopu avqustun 30-da orbitə buraxılacaq

        NASA-nın kainatın sirlərini araşdırmaq üçün hazırladığı Nancy Grace Roman Kosmik Teleskopunun buraxılışı avqustun 30-na planlaşdırılıb. Buraxılış ABŞ-nin Florida ştatındakı Kennedy Kosmik Mərkəzindən SpaceX-in Falcon Heavy raketi vasitəsilə həyata keçiriləcək. NASA-nın məlumatına görə, raketin avqustun 30-da Bakı vaxtı ilə 15:26-dan tez olmayaraq havaya qalxması nəzərdə tutulur. NASA isə canlı yayımına Bakı vaxtı ilə saat 14:20-də başlayacaq. Hava şəraiti və ya texniki səbəblərdən buraxılış baş tutmasa, növbəti cəhd avqustun 31-də ediləcək.
    What is the Nancy Grace Roman Space Telescope? | Space
        Yeni teleskop NASA-nın ilk astronomiya rəhbəri olmuş və Hubble Kosmik Teleskopunun yaradılmasındakı roluna görə “Hubble-ın anası” adlandırılan Nancy Grace Romanın şərəfinə adlandırılıb. Roman Kosmik Teleskopunun əsas üstünlüklərindən biri onun çox geniş müşahidə sahəsinə malik olmasıdır. Teleskop bir müşahidə zamanı Hubble-dan ən azı 100 dəfə daha geniş səmanı əhatə edə biləcək. Bu imkan alimlərə kainatın böyük hissələrini daha sürətli şəkildə araşdırmağa kömək edəcək.
        İnfraqırmızı diapazonda çalışan teleskopun əsas elmi məqsədlərindən biri qaranlıq enerjinin öyrənilməsidir. Alimlər bunun vasitəsilə kainatın genişlənməsini sürətləndirən və hələ də tam başa düşülməyən bu qüvvə haqqında yeni məlumatlar əldə etməyə çalışacaqlar. Teleskop həmçinin ulduzların güclü işığını bloklamağa imkan verən texnologiyaya malikdir. Bunun sayəsində yaxınlıqdakı ekzoplanetləri, yəni Günəş sistemindən kənarda yerləşən planetləri daha yaxşı müşahidə etmək mümkün olacaq. Əldə ediləcək məlumatlar hansı planetlərin həyat üçün uyğun ola biləcəyini və Günəş sisteminə bənzər sistemlərin kainatda nə qədər geniş yayıldığını araşdırmağa kömək edə bilər. Nancy Grace Roman teleskopu artıq Falcon Heavy raketinin qoruyucu başlığının içərisinə yerləşdirilib. Raket Kennedy Kosmik Mərkəzindəki Launch Complex 39A meydançasından buraxılacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...