Logo
    main-post-cover

    NASA potensial həyatın axtarışı üçün yeni robotunu hazırlayıb

    Elm & Texnologiya
    04.06.2025
    Emil
        NASA-nın Reaktiv Hərəkətlər Laboratoriyasının (JPL) mühəndisləri Europa Lander adlı robotu hazırlayıblar. Mühəndislər bu robot üzərində 10 il ərzində çalışıblar. Qeyd etmək lazımdır ki, JPL mühəndisləri kosmosun tədqiqi ilə bağlı layihələrin hazırlanması və həyata keçirilməsi ilə məşğuldurlar. Bu vəzifələrə robotlaşdırılmış qurğuların layihələndirilməsi də daxildir. Yeni robot isə 4 ayaqlı bir qazma qurğusunu təmsil edir. Alimlər Europa Lander adlı prototipin hazırlanması və sınaqları üçün 10 il vaxt sərf ediblər. Bu robot qismən avtonom işləyən bir qurğudur. O, Yupiterin peyki olan Avropanın buzla örtülmüş səthinin altında həyat axtarmaq məqsədilə yaradılıb.
        Avropa - Yupiterin 4 peykindən biridir və burada buz təbəqəsinin altında okeanın mövcud olduğu ehtimal olunur. Bu buz qatı təxminən 30 kilometr qalınlığında hesab edilir. Hazırda bu sahə tam öyrənilməyib və NASA-nın bu qurğusu vasitəsilə daha ətraflı tədqiqat aparmaq mümkün olacaq. Europa Lander digər robotlardan fərqlənir. Bu qurğu səthdə təkərlə deyil, yeriyərək hərəkət edir. Zərurət yarandıqda buz qatını deşib qazma qabiliyyətinə malikdir. Mühəndislər cihazın səmərəliliyini göstərən bir sıra sınaqlar keçiriblər. Bu testlər Alyaska buzlaqları da daxil olmaqla müxtəlif mühitlərdə aparılıb.
        Alimlər ehtimal edirlər ki, Avropa peykində həyat ola bilər. Bu nəticə, səthin buzla örtüldüyü və bu buz qatının altında su okeanının mövcud ola biləcəyi fərziyyəsinə əsaslanır. Məlum olduğu kimi, su potensial həyatın əsas əlamətlərindən biridir. Bunun dəqiq müəyyənləşdirilməsi üçün bir neçə kosmik missiyanın keçirilməsi lazım olacaq. NASA mühəndisləri bu layihəni 2013-cü ildən həyata keçirirlər. 4 ayaqlı qazma qurğusu olan Europa Lander, LED işıqlandırmalı stereokamera, nümunələrin götürülməsi və qazılması üçün manipulyator ilə təchiz olunub.
         Siqnalın alınmasında ciddi gecikmələrin qarşısını almaq üçün qurğuda bort kompüteri quraşdırılıb. Bu da ona imkan verir ki, avtonom şəkildə hərəkət etsin və bir neçə saat müstəqil işləsin. Yeni qurğunun demək olar ki, bütün hissələri radiasiyadan qorunur və qeyri-sabit səthlərdə hərəkət üçün əlavə mühafizə ilə təmin olunub. Robotun simulyasiya şəraitindəki sınaqları onun kosmosa uçuşa hazır olduğunu göstərdi. Lakin NASA bu missiyanı riskli adlandırdığı üçün robot hələlik heç bir yerə göndərilməyib. Mühəndislər qrupu bu qurğunun Saturnun peyki olan Enselad üzərində aparılacaq tədqiqatlar üçün istifadə olunmasını təklif edir. Gözlənilir ki, potensial həyat axtarışı üzrə robot bu vəzifənin öhdəsindən daha asanlıqla gələ biləcək.
    Paylaş