Logo
    main-post-cover

    Neuralink hər il 20 000 insana beyin çipi yerləşdirməyi planlaşdırır

         Hazırda Neuralink-in beyin implantları klinik sınaqlar çərçivəsində müxtəlif səbəblərdən iflic olmuş 7 şəxsə implantasiya edilib. Bloomberg nümayəndələrinin əldə etmiş olduqları investor sənədlərində şirkətin illik gəlirini 1 milyard dollara çatdırmaq və növbəti onilliyin əvvəlindən etibarən hər il 20 000 nəfərin beyninə implant yerləşdirmək planlarından bəhs olunur. Məlumatda qeyd edilir ki, qarşıdakı 6 il ərzində Neuralink azı 5 böyük klinikanın köməyi ilə müştərilərə xidmət göstərməyi planlaşdırır. Həmin klinikalarda 3 əsas tipdə beyin implantı quraşdırılacaq. Bu implantlardan biri - şərti olaraq N1 və ya Telepathy adlandırılan versiya artıq geniş auditoriyaya məlumdur. Neuralink bu cihazı təkcə çoxsaylı təcrübə çərçivəsində heyvanlara deyil, həm də 7 insana yerləşdirib. Kəllə sümüyünə yerləşdirilən silindrik formalı çip uzun və olduqca incə elektrodlar vasitəsilə beyin qabığı ilə birləşdirilir.
         Daxili elektronika sinir impulslarını kompüter əmrlərinə çevirə bilir və implant bu kompüterə naqilsiz interfeys vasitəsilə qoşulur. Nəzəri olaraq, bu cür cihaz vasitəsilə bioloji protezlərə və ya xarici robotlaşdırılmış manipulyatorlara nəzarət etmək mümkündür. Bundan əlavə, Neuralink sənədlərində Blindsight adlı implant da qeyd olunur. Bu implantın funksiyası görmə qabiliyyətini itirmiş insanlara bu qabiliyyəti geri qaytarmaqdır. Hələlik bu cür cihazlar insanlar üzərində sınaqdan keçirilməyib, lakin bir təcrübə çərçivəsində meymuna yerləşdirilmiş prototip ona mövcud olmayan bir obyekti “görməyə” imkan verib. İdealda bu implant anadangəlmə görmə qabiliyyəti olmayan insanlara belə görmə imkanı verməlidir.
         Nəhayət, Deep adlı üçüncü implantın əsas məqsədi bədəndə baş verən əsmə və Parkinson xəstəliyinə qarşı mübarizə olacaq. Qeyd edək ki, Neuralink bu texnologiya barədə indiyə qədər ictimaiyyətə heç bir məlumat verməmişdi. Neuralink şirkəti 2029-cu ilə qədər Telepathy seriyasından olan implantların ABŞ-da xəstələrin beyninə kütləvi şəkildə yerləşdirilməsi üçün rəsmi icazə almağı planlaşdırır. Hazırda bu implantlar klinik sınaqlardan keçir. Həmin vaxta qədər startap ildə 2000 əməliyyat həyata keçirməyi və illik gəliri 100 milyon dollara çatdırmağı hədəfləyir. 2030-cu ildə isə görmə qabiliyyəti olmayan insanlar üçün nəzərdə tutulan Blindsight implantı bazara çıxarılacaq.
         Bu dövrdə şirkət artıq ildə 10 000 əməliyyat həyata keçirməyi və hər il 500 milyon dollardan çox gəlir əldə etməyi planlaşdırır. Startap bu proqnozlarını hər bir əməliyyatdan orta hesabla 50 000$ gəlir əldə ediləcəyi fərziyyəsinə əsasən qurur. Dolayı məlumatlara görə, Neuralink bu günə qədər 1.3 milyard dollar investisiya cəlb edib və 9 milyard dollarlıq bazar dəyərinə çatıb. Şirkətin beyin implantları üzrə gənc bazarda kifayət qədər rəqibi olsa da, ABŞ yurisdiksiyasında hələlik heç bir şirkətə bu sahədə kommersiya fəaliyyəti üçün rəsmi icazə verilməyib. Yuxarıda qeyd olunan məlumatlara əsaslanaraq demək olar ki, Neuralink bu maneəni 2029-cu ildə aşmağı planlaşdırır.
    Paylaş